Azərbaycanın turizm imkanları 6–9 may tarixlərində keçirilən “ATM Dubai – 2024” (Arabian Travel Market – 2024) beynəlxalq turizm sərgisində tanıdılır.
Yaxın Şərq bazarı üçün əsas turizm tədbirlərindən hesab olunan sərgidə B2B (biznesdən biznesə) görüşlər keçirilir, yerli və xarici turizm sənayesi nümayəndələri arasında əməkdaşlıq imkanları müzakirə olunur.
Milli stendimizdə ölkəmizi Azərbaycan Turizm Bürosu (ATB) ilə yanaşı, AZAL, “Şahdağ” Turizm Mərkəzi, hotellər və turizm şirkətləri daxil olmaqla 34 yerli tərəfdaş təmsil edir.
Stendin ziyarətçilərinə ənənəvi turizm məhsulları haqqında məlumat verilir, Azərbaycanın təbiət turizmi imkanları VR vasitəsilə təqdim edilir, milli şirniyyatların dequstasiyası imkanı yaradılır.
Sərgi ərəfəsində, mayın 3-də Dubay şəhərində qlobal turizmin inkişafı, innovativ yanaşma və imkanlara həsr olunmuş “Phocuswright WiT” Orta Şərq konfransı çərçivəsində keçirilən panel müzakirələrdə ATB-nin baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın turizm potensialı haqqında təqdimatla çıxış edib.
Qeyd edək ki, 8 iyul 2023-cü ildən etibarən Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında 90 günə qədər qalma imkanı verən vizasız gediş-gəliş rejimi tətbiq olunur. Ötən il ölkəmizə 41085 nəfər BƏƏ vətəndaşı səfər edib ki, bu da 2022-ci illə müqayisədə 11,4 faiz artım deməkdir. Cari ilin ilk 4 ayı ərzində ölkəmizə gələn BƏƏ vətəndaşlarının sayında ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz artım müşahidə olunub.