Gənclərin səhnə-sənət ideyalarının realizəsi məqsədilə Mədəniyyət Nazirliyi daha bir rejissora dövlət teatrında tamaşa hazırlamaq şəraiti yaradıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi çalışan Fuad Cavadzadə Sumqayıt Dövlət Dram Teatrında tamaşa hazırlayacaq.
Gənc rejissor Əməkdar incəsənət xadimi Əli Əmirlinin vətənpərvərlik mövzulu “Xeyir xəbər” pyesinə quruluş verəcək.
Bədii tərtibatını Nizami Dadaşov, musiqi tərtibatını sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev, qrafika-montaj işlərini Sahil Nəzərov həyata keçirir.
Tamaşada Əməkdar artist Elmira Kərimova, aktyorlar Habil Xanlarov, Şəmistan Süleymanlı, Siyavuş Mahmudov, Akif Mirzəyev, Cavanşir Eyyubzadə, Elay Xasıyev, Məryəm Hüseynli, Aynur Hümbətova rol alıblar.
Məlumat üçün bildirək ki, Fuad Cavadzadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr rejissorluğu ixtisasına yiyələndikdən sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə təhsilini Türkiyədə davam etdirib, İstanbul Universiteti Dövlət Konservatoriyasında teatr sənəti üzrə magistr təhsili alıb.