Mayın 10-da Hüseyn Cavidin Ev-Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ev-muzeyin direktoru filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı giriş nitqi söyləyib. Bildirib ki, Ümummilli lider Heydər Əliyev dahi siyasətçi olsa da, mədəniyyət sahəsinin inkişafına da xüsusi diqqət və qayğı göstərib, ayrı-ayrı söz-sənət adamlarının həyatında böyük rol oynayıb.

Qeyd olunub ki, ölkəmizdə fəaliyyət göstərən muzey müəssisələrinin böyük əksəriyyəti Ulu öndərin ölkəmizə rəhbərliyi dövründə, bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Hüseyn Cavidin Ev-Muzeyinin yaradılması da Heydər Əliyevin ardıcıl səyləri nəticəsində mümkün olub. “Ümummilli liderin Hüseyn Cavidə sevgisi sonradan yaranmış ötəri sevgi olmayıb. O hələ orta məktəbdə oxuyarkən Hüseyn Cavidin əsərlərini dərindən mütaliə edib və onu Azərbaycanın Hötesi adlandırıb. Ümummilli lider hələ 9-cu sinifdə oxuyarkən Hüseyn Cavidin “Şeyx Sənan” əsərində Şeyx Sənan rolunu ifa edib”, – deyə muzeyin direktoru bildirib.

G.Babaxanlı özünün “Ümummilli lider Heydər Əliyev – Hüseyn Cavid irsinin böyük hamisi” adlı monoqrafiyasında Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Vətənə qaytarılması, mənəvi bəraət alması, xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs olunduğunu diqqətə çatdırıb.

Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyasında Heydər Əliyevə həsr edilən nəşrlərdən ibarət sərgi ilə tanış olub və xatirə şəkli çəkdiriblər.