Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə müxtəlif tədbirlər, konsertlər keçirilir. Bu tədbirlərin cərgəsində Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Akademik Opera və Balet Teatrının solisti İlham Nəzərovun Milli İncəsənət Muzeyində təşkil etdiyi konserti xüsusi vurğulamaq istərdik.
Mayın 8-də keçirilən “İlham Nəzərovun tələbə və məzunları” adlı konsertin proqramı Ulu öndərin Azərbaycan və xarici bəstəkarların yaradıcılığından sevdiyi nümunələr – operalardan ariyalar, duetlər və mahnılardan ibarət idi.
Heydər Əliyev geniş musiqi biliyinə malik idi. O, azərbaycanlı bəstəkarların yaradıcılığı ilə daima maraqlanar və onlara dəstək olardı. Bu diqqətin nəticəsi olaraq yeni əsərlər yaranır və Azərbaycan musiqi mədəniyyətinin incisinə çevrilirdi.
Konsert Q.F.Hendelin “Yuli Sezar” operasından duet və ariyalarla başladı. Əməkdar artistin yetirmələri Nuray İsmayılova (soprano), Tofiq Zeynalov (kontratenor), Sevinc Ağayeva (kontralto) barokko dövrü musiqisinin ifaçılıq incəliklərini təfsirləri ilə çox gözəl nümayiş etdirə bildilər. Q.Donisetti və C.Rossininin operalarından ariyaları oxuyan İsmayıl Əsədli və Kənan Rəhmanzadə isə bariton və bas-bariton səs tembləri ilə musiqisevərlərin zövqünü oxşaya bildilər. Süsən Abasova və Günel Binnətli C.Gerşvinin caz musiqilərinə müraciət edərək konsert proqramına rəng qatdılar.
İ.Nəzərovun 6 yaşlı qızı Fidan Nəzərli “Küçələrə su səpmişəm” xalq mahnısını səsləndirməsi ilə tamaşaçıların alqışına qərq oldu. Səhnəyə ilk addımlarını atan Fidandan sonra Ramal İbişov (bariton), Cavidan Babazadə (tenor) və Emil İsmayılov (bariton) Azərbaycan bəstəkarlarının (Ü.Hacıbəyli, C.Cahangirov, S.Rüstəmov, T.Quliyev, M.Maqomayev və b.) musiqi nümunələrini ifa etdilər.
Dövlət Akademik Musiqili Teatrının solisti Sübhan Rüstəmov tenor səsinin incəliklərindən mükəmməl şəkildə faydalanaraq Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından ariya, duet və Sevil Əliyevanın “Ana” mahnısının gözəl təfsirinə nail ola bildi.
Konsertin uğurlu keçməsində mütləq şəkildə konsertmeysterlərin rolunu vurğulamaq lazımdır. Svetlana Əhmədova, İlahə İsmayılova, Nərgiz Eyyubova və Aydan Cəfərovanın müşayiəti vokal ifaçıları üçün ilham mənbəyinə çevrilirdi.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi İlham Nəzərovun tələbə və şagirdləri dərs ili ərzində müxtəlif konsert salonlarında maraqlı proqramla çıxış ediblər. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş yekun konsert də bu silsilənin sənət çələngi oldu.
Yulizana Kuxmazova
sənətşünaslıq üzrə fəlsəfə doktoru