M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib.

Mayın 8-də gerçəkləşən konsertdə bədii rəhbər və baş dirijor – Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər Nicat Məmmədov (fleyta) və Fidan Əlizadə (piano) çıxış ediblər.

Proqramda F.Şubertin “Uvertüra” (c-moll D.8), V.A.Motsartın “Fleyta və orkestr üçün 1 nömrəli konsert” (G-dur K.313), C.Allahverdiyevin “Tac Mahal” baletindən “Vida adajiosu” və B.Brittenin “Frank Bridge mövzusuna variasiyalar”ı səsləndirilib.

***

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib.

Mayın 10-da təşkil olunan konsertdə dirijor Əməkdar incəsənət xadimi Elşad Bağırovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

Proqramda Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, Q.Qarayevin “3 nömrəli simfoniya” və “İldırımlı yollarla” baletindən 2 nömrəli süitası ifa olunub.

Təqdim edilən musiqi nömrələri Azərbaycan mədəniyyətinin himayədarı olmuş Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi kimi səslənib.