Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının ikinci günü, mayın 12-də Mərakeşin “Tizwit” və Birləşmiş Ərəb Əmirliklərinin “Almazyood” musiqi qruplarının konserti olub.
Xan qızı Natəvanın sarayı qarşısında açıq havada qurulan səhnədə hər iki qrup yaddaqalan musiqi nömrələri təqdim ediblər. Təqdim olunan rəqs və ifalarda milli adət-ənənələr, folklor nümunələri və müasir rəqs üslubları yer alıb. Çıxışlar alqışlarla qarşılanıb.
Mərakeş Krallığının Mədəniyyət Nazirliyinin nümayəndəsi xanım Nada Mxatr media mənsublarına açıqlamasında “Tizwit” musiqi qrupunun ötən əsrin 60-cı illərində yarandığını və dünyanın bir çox ölkələrində beynəlxalq festivallarda uğurla çıxış etdiyini söyləyib. Qonaq Şuşada keçirilən festivalın onlar üçün çox maraqlı olduğunu bildirərək deyib: “Qrup bu gün konsertdə “Gül” kompozisiyasını təqdim edir. Yaradıcı heyət bu festivala ciddi hazırlaşıb və öz repertuarında olan ən maraqlı musiqi nömrələrindən ibarət buket düzəldib. İnanıram ki, qrupun çıxışı hər kəsin ürəyincə olacaq”.
O, Azərbaycanda ilk dəfə olduqlarını və Şuşanın füsunkar təbiətinin onları valeh etdiyini diqqətə çatdırıb: “Sizin çox qədim mədəniyyətiniz və bənzərsiz musiqiniz var. Burada olarkən öyrəndik ki, Şuşa Azərbaycan mədəniyyətinə dəyərli musiqi xadimləri bəxş edib. Burada olmaqdan, belə gözəl ənənələrə malik festivalda iştirak etməkdən məmnunuq. Biz Azərbaycandan çox yaxşı təəssüratla ayrılacağıq”.