Hacı İsmayılov: “Aktyorların oynadığı rollar onların həyatlarına da təsir edir. Bunu özümdə də, başqalarında da görmüşəm”
Bu aktyoru həm də ona görə çox istəyirəm ki, şan-şöhrətin verdiyi üstünlüyü yoxdur. Ələlxüsus da yaş ötdükcə bəzi sənət xadimlərinə xas şöhrətpərəstlik həndəvərindən belə keçməyib. Sadə, sakit, həlimxasiyyətli. Sanki qarşımızdakı elə onun özü yox, məşhur qəhrəmanı Mustafa müəllimdir. Hətta mənə elə gəlir ki, daha çox Mustafa özü Hacı İsmayılovdur.
Beləliklə, həmsöhbətim teatrımızda daha çox ikincidərəcəli obrazlar oynamasına rəğmən öz planında ən yaxşı, milli kinomuzda hər birinin ayrıca yeri olan rollar ustası, Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Hacı İsmayılovdur. 80 yaşı tamam olan sənətkar bir ilə yaxındır ki, həm də Azərbaycan Teatr Xadimləri İttifaqının sədr əvəzidir. Onunla söhbətimiz də elə burada baş tutdu.
– Hacı müəllim, son vaxtlar sizi tapmaq çətinləşib. Sizin üçün necə, bu qədər işin öhdəsindən gəlmək çətin deyilmi?
– Çətinləşib deyəndə ki, mən həmişə tapılıram. Sadəcə, teatrda məşqlər, ittifaqda tədbirlər, maşallah, bir az çoxdur. Həm də nə yaxşı ki, çoxdur. İşə gəldikdə, çətin deyil. Çünki 10 il sədr müavini olmuşam. Rəhmətlik Azərpaşa Nemətov məni dəvət etmişdi. Onun dövründə burada işlər görmüşük: müxtəlif tədbirlər, yubileylər, tamaşalar və s. Yəni bu iş də mənim üçün mühüm təcrübə oldu. Bu gün də, kollektiv, sağ olsun, əl-ələ verib çalışırıq. Yəni fəaliyyətimiz davam edir. Ötən ilin may ayından 10-a yaxın teatr kollektivini “Qonaq teatr” layihəsi çərçivəsində Bakıya dəvət etmişik. Bundan başqa, Türkiyədən – Antalya və Trabzondan iki kollektiv burada çıxış etdi ki, bu da ittifaq təcrübəsi üçün yeni idi. Sözsüz ki, bu layihələri də Mədəniyyət Nazirliyi ilə birgə reallaşdırırıq. Qısacası, iş qrafikimiz sıxdır və məncə, ötən müddətdə nəzərəçarpacaq işlərə nail olmuşuq.
– ATXİ teatr xadimlərinin hüquqlarını tənzimləyən, yəni aktyorların da bir növ ata evi missiyasındadır. Bu mənada, ehtiyac duyulduqda ittifaq teatr təmsilçisinin hüququnu qoruya, ona qahmar çıxa bilirmi?
– Bəli, dəstəyimiz həmişə var və olacaq da. Amma ittifaqın nizamnaməsində də qeyd olunub ki, ATXİ Azərbaycanda teatr sənətinin inkişafına, mövcud məsələlərin həllinə köməklik göstərən təşkilatdır. Həll edən, sözsüz ki, müvafiq olaraq Mədəniyyət Nazirliyidir. Biz bacardıqca kömək edirik. Elə bizim gördüyümüz işlərin hamısı teatr, teatr sənətinin ölkəmizdə inkişafı üçündür. Əsas məqsədimiz istedadlı gənclərin – aktyorların, rejissorların, dramaturqların cəlb olunmasıdır. Bildiyiniz kimi, bizdə dramaturgiya, rejissor, aktyor, eksperimental rejissura və menecment laboratoriyaları var. Artıq biz 4-cü ildir ki, həmin laboratoriyaların fəaliyyətini geniş ictimaiyyətə təqdim edirik. Onların festivalını təşkil edirik. Bir cəhətə sevinmək lazımdır ki, bu laboratoriyalara gələnlər, orada iştirak edənlər arasında peşəkarlarla yanaşı, peşəkar olmayan istedadlı gənclər də var. Onlar nə isə öyrənib, fəaliyyətlərinə bu yöndə davam edirlərsə, nə xoş.
– Bir müddət öncə kino sahəsində iki ittifaqın birləşməsinə şahid olduq. Proses ümumən geniş rezonans doğurdu. Bu gün ATXİ-də də sədrliyə iddialılar çoxdur. Sizcə, ittifaq sədri kimlər ola bilər və niyə?
– İnşallah, oktyabrda teatr xadimlərinin növbəti konfransı keçiriləcək və yeni sədr seçiləcək. Düz qeyd etdiniz ki, iddialılar çoxdur. Sadəcə, mən bir şeyi qeyd edim ki, uzun illər ittifaqa rəhbərlik etmiş Azərpaşa müəllimdən sonra bu iddiaya düşənlərin sayı daha da çoxaldı. Amma onlar bir şeyi unutmasınlar ki, bu ittifaqa rəhbərlik edənlər Azərbaycan mədəniyyətində tanınmış insanlar olublar. İndiyədək sədrlik edən 10 şəxsin hamısı Xalq artisti idi. Hamısı da aktyor və rejissorlar. Yeganə teatrşünas Mehdi Məmmədov idi. O da rejissor, aktyor, sonra teatrşünas olub. Yəni ittifaqa rəhbərlik etmək istəyənin nüfuzu olmalıdır, sözü keçməlidir. Elə-belə, mən teatr aləmindəyəm deyə gəlib ora sədrlik etməklə olmur. Kim bunu bu qədər asan hesab edir və belə düşünürsə, səhv edir. Qaldı ki iddialılara, bura gəlmək istəyinə, bu, onların şəxsi fikri, arzusu, azad düşüncəsidir. Amma mənə elə gəlir ki, bura gələn xalq tərəfindən, dövlət tərəfindən tanınmalıdır. Ən əsası da buranın işini bilməlidir. Elə adam olmalıdır ki, onun xalq qarşısında xidmətləri, nüfuzu olsun. Gedib kiməsə nə isə deyəndə bilsinlər ki, bu şəxs sənətdə yetişən, ona xidmət edən adamdır. Yəni otaqda oturub əmr verməklə iş bitməz. Bura yaradıcı, ictimai təşkilatdır.
– Ruhu şad olsun, Azərpaşa Nemətov da, siz deyən kimi, nüfuzlu, sözükeçən adam idi. Hərçənd ondan da gileyli olanlar çox idi...
– Azərpaşa Nemətov unikal adam idi. O, daim düşünürdü və yüksək səviyyəni, ittifaqın hörmətini saxlamağa çalışırdı. Hər şeylə razılaşıb, hər adamı qəbul eləmirdi. Ağıllı insanıydı deyə, o adamın niyə gəldiyini, nə istədiyini gözəl başa düşürdü. Bu mənada ondan inciyənlər, narazı qalanlar da olurdu. Amma unutmaq olmaz ki, o, peşəkar insan idi, şəxsiyyət idi. Yenə də deyirəm, çalışırdı ki, ittifaqın adı uca olsun, təşkilat kimi nüfuzunu saxlasın.
– Gəlin, sizli-bizli oktyabradək səbir edək və keçək aktyor Hacı İsmayılovla söhbətə.
– (Gülür) Vallah, elə bayaqdan aktyor Hacı danışırdı. Mənim üçün səlahiyyət, vəzifə, nüfuz, şöhrət sənətimdə, xalqımın, dövlətimin sevgi və diqqətindədir.
– Lap gözəl. Hacı müəllim, Azərbaycan kinosunun unikal Mustafası sizsiniz. Onun bir lotereyada udmaq arzusu vardı. Sizin necə, şansınızı sınamaq istəyiniz olubmu?
– (Gülür). Aktyorların oynadığı rollar onların həyatlarına da təsir edir. Bunu özümdə də, başqalarında da görmüşəm. Mən o lotereyanın çoxdankı həvəskarıyam. Ara-sıra bir-ikisini alıb pozuram, həvəsimi öldürürəm. Qabaqlar udmaq daha yaxşı, asan idi. İndi çətinləşib. Yadımdadır, sovet vaxtı aldığım 30 qəpiklik lotereyadan radio udmuşdum. Rəhmətlik atam günün xeyli hissəsini o radioya qulaq asmaqla keçirərdi. Şansdır da o da. Al, sına. Şəkili Mustafa demişkən, “heç olmasa, bir dənə latarenni bilet al”.
– Teatrda fəaliyyətə başlayıb, kinoda məşhurlaşdınız. Necə deyərlər, lotereya biletinizi kinoda uddunuz. Bu mənada özünüzü kinoya minnətdar sayırsınızmı?
– Hər iki sənətə minnətdaram. Kinoya çəkilmədən öncə teatr aktyoru olmuşam və 1967-ci ildən fasiləsiz teatrda fəaliyyət göstərirəm. İrəvan, Sumqayıt və hazırda çalışdığım Akademik Milli Dram teatrları. Mənim üçün teatr həyatdır. Orada yaşayıram. Kino isə məhəbbətdir. Nə xoş ki, şans kimi o da sənət taleyimdə mənim üçün yaxşı gətirdi və kinoda qısa zamanda tanındım. Amma hərdən düşünürəm ki, kinoda daha çox işlər görə bilərdim. Onun həcmi, auditoriyası, imkanları daha genişdir. Aktyorlar burada sənətlərini daha rahat büruzə verə bilirlər, nəinki teatrda. Teatr kinoya nisbətən bir qədər qapalıdır. Teatrda tamaşaçını qrimlə, geyimlə, səslə qismən aldada, inandıra bilərsən. Amma kinoda belə deyil. Kino səmimiyyət və təbiiliyi sevir. Çünki orada hər şey iri plandadır və tamaşaçının gözündən heç nə yayınmır. Mən bu mənada bir aktyor kimi görkəmli rejissorumuz Rasim Ocaqova minnətdaram. Onun sayəsində kəşf olundum və kinoda yolum açıldı.
– Müqayisəniz maraqlıdır deyə soruşacağam. Peşəkar Azərbaycan teatrı 151-ci ilini yaşayır. Zamana görə milli kinomuzdan daha yaşlı teatrımızın indiki halda ən ümdə vəzifələri hansılardır?
– Teatrın vəzifələri daha çoxdur. O məbəddir, tərbiyə ocağıdır. Orada çalışanlar isə fədaidirlər. Xüsusən də bölgədə çalışan aktyorlar. Çünki aldıqları maaş azdır. Əlavə qazanc yerləri də, demək olar ki, yox. Düzdür, aktyor, teatr adamı elə onda da, indi də varlı olmayıb onsuz da. Amma müqayisədə Bakıda çalışan aktyorlar onlara nisbətdə maddi baxımdan daha geniş imkanlara malikdirlər. Seriallar, reklamlar, dublyaj və s. var. Amma bölgələrdə bu imkanlar azdır. Bu mənada əsl fədakar insanlar onlardır. Az şeyə qane olublar. Çünki sənətə məhəbbətləri daha çoxdur və onu qoyub gedə bilmirlər.
– Bu mənada ittifaqdan hər hansı dəstək görürlərmi və ittifaqın belə bir imkanı varmı?
– Əslində, elə bir imkanımız yoxdur. Olan vəsaitlə biz tədbirlər təşkil edir, onların paytaxt tamaşaçıları ilə görüşünə şərait yaradırıq. Bildiyiniz kimi, bir neçə il öncə ittifaqlara dövlət tərəfindən müəyyən vəsait ayrılmışdı. Biz o vəsaitin əsas hissəsini Ağdam və Füzuli teatrlarına sərf etdik. Onların səhnə geyimləri, texniki imkanları bərbad idi. Sözsüz ki, dövlət, əsas qurum kimi Mədəniyyət Nazirliyi bu problemləri həll etməyə çalışır. Amma bu elə də asan deyil. Məsələn, çox yaxşı olardı ki, teatrlar heç olmasa, kommunal xərclərdən azad olunsun. Bu kimi güzəştlər təkcə bizdə deyil. Bunu birdən-birə yox, müəyyən faizdə azalma ilə də eləmək olar. Çox istərdim ki, özəl şirkətlər də, böyük qurumlar da arabir teatrlara dəstək olsunlar. Dövlət olaraq bu gün əsas məsələmiz Qarabağın dirçəlişidir. Min şükür ki, əzəli torpaqlarımıza qovuşduq və hazırda dövlətimiz azad Qarabağımızı yenidən qurur. Bütün bunlara rəğmən dövlətimiz mədəniyyət sahəsinə, teatra da diqqətlə yanaşır, maddi təminatına dəstək üçün addımlar atır və buna görə dövlət başçımıza daim minnətdarıq.
– Necə düşünürsünüz, bu gün Azərbaycan teatrı geniş tamaşaçı kütləsini cəlb etməyə, cəmiyyətə sənətlə həqiqəti göstərməyə qadirdirmi?
– Mən sizə bir həqiqəti deyim ki, digərlərini deyə bilmərəm. Mən çalışdığım teatrın tamaşalarının sonunu çox diqqətlə izləyirəm. Yəni təzim məqamını. Bu qənaətə gəlmişəm ki, yeni nəsil tamaşaçı yaranıb. O nəsil ki, teatra gəlmirdi. Əvvəllər teatra gələnlər daha çox ya yaşlı nəsil, ya da ziyalılar idi. Amma indi tamaşa salonuna baxanda çoxluq olaraq gəncləri görürəm və çox sevinirəm. Bu, çox yaxşıdır və inanıram ki, digər teatrlarda da belədir. Yəni tamaşaçıların teatra, sənətə tələbatı, ehtiyacı yaranıb. Axı teatr yeganə sənətdir ki, o, insanla nəfəs-nəfəsə, üz-üzə dayanır. Yəni canlı sənət olduğu üçün yeni nəsil tamaşaçı teatrdan intellekti, zövq və düşüncəsinə uyğun fərqli mövzu və janrlı nümunələr görür.
– Sizin nəsildən olan aktyorların sayı azalıb. Ötənlərdə bir tədbirdə çıxışınız məni kövrəltdi. Deyəsən, çox darıxırsınız...
– Hə, həm də necə. Axı mən onlarla teatrda, səhnədə bir ömür sürmüşəm.
– 80 yaşa çatmağın sevinci böyükdür, yoxsa nostalgiyası? Bu sualı bir neçə həmyaşıdınız olan həmkarınıza da vermişəm.
– Vallah, heç təsəvvür etməzdim ki, 80 il yaşayaram. Min şükür Yaradana, mənə də bu yaşı görməyi nəsib elədi. Azərbaycan teatrında elə görkəmli aktyorlar olublar ki, heç 40-ı, 50-ni görməyiblər. Yaradıcılıqlarının ən parlaq zamanında həyatla vidalaşıblar. Çünki bu sənət məşəqqətli, fiziki və mənəvi cəhətdən əzab-əziyyətlidir axı. Düzdür, tamaşaçı onun parlaq, populyar tərəfini görür. Amma bizlər ora çatana qədər nələrdən keçməmişik. Eh, əslində, yaş bir az da genetik məsələdir yəqin. İndi deyirəm nə yaxşı ki, bu yaşa çatdım. Çünki həyat çox maraqlıdır. Deyir yaşlanmaq, qocalıq seçilmişlərə verilən hədiyyədir. Hər adama bu imkan verilmir. Min şükür.
– Kinoda baş rollarınız olsa da, teatrda sizi daha çox ikinci planın qəhrəmanı saymaq olar. İndi geriyə dönüb baxanda bu barədə nə düşünürsünüz? Əgər aktyorun bu məsələdə taleyi rejissordan asılıdırsa...
– Aktyor cəhd edir. Amma sözsüz ki, rejissor təyin edir bunu. Bir də niyə elə düşünürsünüz ki, mən baş rollarım olmayıb? Məsələn, “Sizi deyib gəlmişəm”də, “Alın yazısı”nda baş rollar oynamışam. Aktyorun ampluasını təyin edən rejissorlar olur. Düzdür, cavan vaxtı mənim də Hamlet oynamaq arzularım vardı. Amma artıq o hisslər də çox uzaqdadır. Aktyor kimi nə rol verilibsə, onunla razılaşmışam. İlk rolum “Xırs quldurbasan”da Kərəm olub. Onun da cəmi iki sözü vardı: “Qaçsa, qaçar e”. Onu elə deyirdim ki, tamaşaçı gülürdü. Rejissorlar da mənə ondan sonra inandılar və zamanla daha böyük rollar verməyə başladılar.
– Hacı müəllim, səhnədə də, kinoekranda da əsas qəhrəmanlarınız yazıq, fağır, sakit, sadəlövh adamlar olublar. Həyatda necə?
– Bəli, oynadığım obrazlar təbiətcə belədir. Oynadığım rolların insani keyfiyyətləri çoxdur deyə kənardan elə görünürlər. Onları çox sevirəm. Təmiz, saf, vicdanlı adamlardır. Fağır, yazıq sözünü qəbul etmirəm. Özümə gəlincə, sadəlövh deyiləm.
– Deməli, həyatda Mustafa müəllim deyilsiniz?
– Mustafa mənim daxilimdədir. Amma bir az fərqli.
– “Bəyin oğurlanması”ndakı operatorun təbiri ilə desək...
– (Gülür) Hə, “Elə səni görməsələr yaxşıdır”ı deyirsiniz? Maraqlıdır ki, o filmlərdəki obrazların sözləri qısa zamanda belə əzbərə çevrildi. Ötənlərdə bir tədbir vardı. Birdən işıqlar söndü. Əhvalımı pozmadan tamaşaçılardan “Ay camaat, məni eşidirsiz?” deyə soruşdum. Ardınca “Elə məni görməsəniz yaxşıdır” dedim və zal qəhqəhəyə qərq oldu. Obrazlarım, məni sevdirən qəhrəmanlarım daim mənimlə bax belə yol yoldaşıdır. Yaxşı ki, bir-birimizi yarı yolda qoymamışıq.
Söhbətləşdi: Həmidə Nizamiqızı