Beynəlxalq Muğam Mərkəzində “Dəyirmi masa” layihəsi üzrə mayın 17-də növbəti təqdimat keçirildi.

Budəfəki təqdimat layihənin koordinatoru olmuş filologiya üzrə fəlsəfə doktoru, şair, tədqiqatçı, bu ilin 24 fevralında vəfat edən Gülhüseyn Kazımlının xatirəsinə həsr olunmuşdu. Tədbirdə müəllifin Azərbaycan muğamının tarixinə həsr olunan kitabları təqdim edilirdi.

Mərhumun ömür-gün yoldaşı Validə Kazımova çıxış edərək Gülhüseyn Kazımlının təşkilatçısı olduğu tədbirlərdən söz açdı. Qeyd etdi ki, Beynəlxalq Muğam Mərkəzi bu günə kimi “Dəyirmi masa” layihəsi çərçivəsində muğam sənətimizin və musiqinin müxtəlif janrlarını əhatə edən, milli musiqi alətlərimizin tarixi və problemlərinə həsr olunan elmi-praktik konfrans və müzakirələr keçirib. Həmçinin muğam ifaçılığında iz qoyan sənətkarlar anılıb, onların yaradıcılığına həsr edilən dəyirmi masalar təşkil olunub.

Azərbaycan Milli Konservatoriyasının (AMK) prorektoru professor Lalə Hüseynova, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva, Xalq artisti Ənvər Sadıqov, AMK-nın “Səsin tədqiqi” elmi laboratoriyasının rəhbəri Aleksandriya Sultan fon Brüseldorff, tədqiqatçı alim Turan İbrahimov, yazıçı Kənan Hacı Gülhüseyn Kazımlının yaradıcılığı ilə bağlı  fikirlərini və xatirələrini bölüşdülər. 

Bildirildi ki, G.Kazımlı muğam sənətinin inkişafında xidmətləri olmuş görkəmli sənətkarların həyat və yaradıcılığı ilə bağlı tədqiqat aparıb. Ömrünün son illərini BMM-də muğam ustadları ilə bağlı tədbirləri böyük sevgi və peşəkar səviyyədə təşkil edirdi. O həm də BMM-in böyük maraqla izlənilən “Unudulmayanlar” layihəsinin də koordinatoru idi.

Tədbirdə BMM-in solisti, Əməkdar artist Sevinc Sarıyevanın ifaları da təqdim olundu.

L.Azəri