Xəbər verdiyimiz kimi, 20-26 may tarixlərində Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “II Bakı Müasir Musiqi Günləri” festivalı keçirilir.
Mayın 20-də Beynəlxalq Muğam Mərkəzində festival çərçivəsində konsert proqramı təqdim olunub. Moskva Konservatoriyası nəzdində Elektroakustik Musiqi Mərkəzi ifaçılarının iştirakı ilə keçirilən konsertdə Luigi Ceccarelli, İqor C.Silva, Hibiki Mukai və digər müasir bəstəkarların əsərləri ifa olunub.
Həmin gün festivalın daha bir tədbiri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) gerçəkləşib. “Müasir musiqi nə deməkdir?” adlı mühazirədə akkordeon ifaçısı Sergey Çirkov çıxış edib. Muzey Mərkəzində isə Ceyran Həsən (fleyta) və Afaq Qarayevanın (piano) iştirakı ilə “Portretlər” adlı konsert olub.
Mayın 21-də təşkil olunan ADMİU-da “Texnologiyalar musiqini necə dəyişir?” adlı mühazirə və Bakı Müasir Musiqi Cəmiyyəti solistlərinin iştirakı ilə keçirilən konsert də maraqla qarşılanıb.
Festival çərçivəsində mayın 22-də ADMİU-da Ceyran Həsənin fleyta ifaçılığı üzrə tələbələr üçün ustad dərsi təşkil olunub.
Qeyd edək ki, II Bakı Müasir Musiqi Günlərinin proqramı üzrə qarşıdakı günlərdə ustad dərsləri, seminar və mühazirələr, silsilə konsertlər keçiriləcək. Festivalda Azərbaycan musiqiçiləri (“Cadenza” və “BCMS” ansamblları) ilə yanaşı, Avstriya, Almaniya, Macarıstan, Norveç, ABŞ və Rusiyadan dəvət olunmuş ifaçıların iştirakı da nəzərdə tutulub.
Festivalın proqramı səhər, gündüz və axşam sessiyalarından ibarətdir. Konsertləri izləmək sərbəstdir.
Lalə Azəri