Bu günlərdə (9 may) həmyerlimiz, İzmir Opera və Balet Teatrı Simfonik Orkestrinin konsertmeysteri, violin ifaçısı Rövşən Müzəffərov doğma Vətənində konsert proqramı ilə çıxış etdi. Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, pianoçu Arzu Səfərova ilə çıxış edən violin ifaçısı bu dəfə də musiqisevərlərin alqışlarını aldı. Azərbaycan bəstəkarlarının məşhur əsərlərinə müraciət olunduğu konsertdən sonra Rövşən Müzəffərovla söhbət etdik.
– Rövşən bəy, Bakıda dəfələrlə çıxış etmisiniz. Bu konsertlə bağlı təəssüratınız necədir?
– Mütəmadi olaraq doğma Bakıya gəlib müxtəlif konsert proqramı ilə çıxış edirəm. Üzeyir bəyin ocağı sayılan Bakı Musiqi Akademiyasının böyük zalında, Beynəlxalq Muğam Mərkəzində, Kamera və Orqan Musiqisi Zalında, Azərbaycan Dövlət Akademik Filarmoniyasında ifa etmişəm. Vətənimdə çıxış edərkən böyük bir məsuliyyət hiss etdiyimdən təbii olaraq həyəcanlanıram. Bu konsertlər mənim düşüncəmə görə, bir növ həmvətənlərimin qarşısında sənət hesabatım kimi qəbul edilir. Çünki klassik musiqini sevənlər hər dəfə xaricdə yaşayan sənətçi həmvətənlilərindən yeni nəfəs, yüksək peşəkarlıq, tamaşaçılara bədii-estetik zövqlə ərməğan edilən töhfələr gözləyir. İzləyicilərin əksəriyyəti professional səviyyəli incəsənət xadimləri və tələbələr olur. Bu amillər və Vətənimə olan sevgim qarşıma qoyduğum missiyanın öhdəsindən gəlmək üçün məni gücləndirir, ilhamlandırır.
– İllər öncə də bir konsertinizdə Arzu Səfərova ilə eyni səhnəni bölüşmüşdünüz.
– Həm Bakıda, həm də İzmirdə dəfələrlə Milli Konservatoriyanın baş müəllimi Arzu Səfərova ilə çıxış etmişəm. Arzu xanım tanınmış pianoçu Elmira Nəzirovanın sənət ənənələrinin davamçısıdır. Sənətin spesifik xüsusiyyətlərini dərindən və peşəkarcasına mənimsəyən Arzu xanım böyük uğurlara imza atan musiqiçilərimizdəndir. O, gənc istedadlı ifaçıların böyük səhnələrdə püxtələşərək tanınmasında mühüm rol oynayır. Məhz belə keyfiyyətli ifaçılıq xüsusiyyətlərinə qadir olan professional konsertmeysterlə eyni səhnəni bölüşərkən ifaçıda əminlik, rahatlıq, komfort yaranır və konsert yüksək səviyyədə tamaşaçılara təqdim edilir. Məhz bu meyarlara əsaslanaraq konsertlər zamanı ona müraciət edirəm.
– Bildiyim qədər, konsert coğrafiyanız genişdir...
– Solo, həm də ansambl ifaçısı olaraq Azərbaycan və Türkiyə ilə yanaşı, Orta Asiyanın bir sıra respublikaları, eləcə də Rusiya, Yaponiya, Belçika, Hollandiya, Fransa, Şimali Kipr, İngiltərə və digər ölkələrdə çıxış etmişəm.
– Xalq musiqisi sədaları altında böyümüsünüz. Atanız tanınmış tarzəndir. Bəs nə əcəb violin alətini seçdiniz?
– Tar ustadı Elxan Müzəffərovun ailəsində dünyaya göz açmışam. Atam bir çox peşəkar tar ifaçılarına dərs deyib. Təqaüdə qədər Musiqi Kollecində, Milli Konservatoriyada müəllim kimi fəaliyyət göstərib. Uşaqlıqdan evimizdə xalq musiqisi, muğamlar səsləndirilib. Hətta bir sıra tanınmış sənətkarlar evimizdə qonaq olublar. Onlar müxtəlif xalq çalğı alətlərində ifa edərdilər. Bütün bunlar yaddaşımda dərin iz qoyub. Violini seçməyimə gəlincə, televiziyada hər dəfə konsertlərdə violin görəndə, onda səsləndirilən əsərləri dinləyəndə sanki nağıllar aləminə qərq olurdum. Bəllidir ki, violin və violin ailəsinə mənsub olan alətlər insan səsini təqlid edir. Sözlər səslər vasitəsilə ifadə olunur. Həm də violin orkestrin priması hesab edilir. Atamla bu alətə olan sevgimi, alətin tembr xüsusiyyətlərinə vurğunluğumu dostcasına bölüşdüm. Məhz atamın xeyir-duası ilə Musiqi Kollecində violin dərsi keçən çox istedadlı pedaqoq Tacəddin Manafovun yanına gəldik. Tacəddin müəllimin mənə bəxş etdiyi biliklər sayəsində təhsilimi Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) Xalq artisti Sərvər Qəniyevin sinfində davam etdirdim.
– Azərbaycan və Türkiyənin konsert müəssisələri arasında əlaqələrin inkişafı üçün nələr etmək lazımdır?
– Azərbaycan-Türkiyə arasında olan sıx mədəni əlaqələrin daha da inkişafı naminə son səfərimdə müxtəlif layihələr barədə planlarımı görüşlər zamanı qarşı tərəfə təqdim etmişəm. Əgər bu layihələr həyata keçsə, düşünürəm ki, hər iki dövlət üçün çox faydalı olar.
– Hazırda hansı yeni layihələr üzərində işləyirsiniz?
– Düzü, əvvəlcədən hazır olmayan, həyata keçməyən, danışıq üzərində qurulan, rəsmiləşməmiş planları şərh etməyi xoşlamıram. Layihə və konsertlər dəqiqləşəndən sonra mütləq sizi məlumatlandıraram.
– Oxucularımıza nə sözünüz var?
– Sənət kredomun inkişaf edərək yüksəlişində ustadım Xalq artisti, professor Sərvər Qəniyevin mühüm rolu var. Bəllidir ki, böyük sənətkarımız ömrünün çox hissəsini mühacirətdə yaşasa da, qəlbi daim vətən sevgisi ilə döyünüb. Mən də sanki ustadımın taleyini yaşayıram. Sərvər müəllim yetirmələri üçün hər mənada bariz nümunədir. Sərvər Qəniyev də, mən də, hər hansı bir dövlətdə solo konsert proqramı ilə çıxış edərkən mütləq Azərbaycan bəstəkarlıq məktəbi nümayəndələrinin əsərlərinə müraciət etmişik. Əsas məqsədimiz xalqımızın zəngin mənəvi, mədəni sərvətini təbliğ edərək izləyiciləri maarifləndirməkdən ibarətdir.
Son zamanlar dövlətimiz tərəfindən Vətəndən uzaqlarda yaşayan soydaşlarımızın, xüsusilə, incəsənət xadimlərinin respublikamıza dəvət edilməsi məni bir azərbaycanlı olaraq çox sevindirir. Bu sənətkarlar konsertlərdə, ustad dərslərində, dövlət tədbirlərində çıxış edərək bilik və sənət təcrübələrini tamaşaçılarla, gənc musiqiçilərlə bölüşürlər. Bu hal akademik və klassik musiqi səviyyəsinin daha da yüksəlməsinə təkan verir. Buna görə də ölkəmizin rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Milli və klassik ifaçılıq sənəti nümayəndələrinə, ələlxüsus da gənclərə yeni-yeni uğurlar diləyirəm. Mən də imkan daxilində doğma Vətənimdə rəngarəng konsert proqramlarımız davam etdirməyə çalışacağam.
Lalə Azəri