İngilis dilinə tərcümə ədəbiyyatı üzrə ən nüfuzlu təltif sayılan Beynəlxalq Buker mükafatının 2024-cü il üçün qalibi almaniyalı yazıçı Cenni Erpenbek olub. O, “Kairos” romanına görə mükafata layiq görülüb.
Əsəri ingilis dilinə tərcümə edən Maykl Hofmann da onunla birgə bu mükafatı bölüşəcək.
Qeyd edək ki, “Buker” mükafatı (The Booker Prize)1968-ci ildə Buker-Makkonnel (Booker-McConnel) qida şirkətinin dəstəyi ilə təsis edilib. İngilis dilində yazan müəlliflərə verilən mükafatın məbləği 50 min funt-sterlinqdir.
2005-ci ildən mükafata əlavə olaraq Beynəlxalq Buker mükafatı (The İnternational Booker Prize) da təsis edilib. Bu mükafat ingilis dilinə tərcümə olunmuş və Böyük Britaniyada çap edilmiş əsərlərə verilir. Onun da məbləği 50 min funt-sterlinqdir və müəllif ilə əsərin tərcüməçisi arasında bərabər bölünür.
2023-cü ildə “Buker” mükafatının qalibi irlandiyalı yazıçı Pol Linç (Paul Lynch) olub. O, “Peyğəmbərin nəğməsi” (Prophet Song) romanına görə mükafata layiq görülüb. Beynəlxalq Buker mükafatı isə ötən il bolqarıstanlı yazıçı Georgi Qospodinov və onun “Zaman sığınacağı” romanını ingilis dilinə tərcümə etmiş amerikalı Angela Rodelə verilib.