Türkmənistanın paytaxtı Aşqabadda türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin nəhəng abidəsi qoyulub. Məhtimqulunun 300 illiyi münasibətilə ucaldılan abidənin təntənəli açılış mərasimi mayın 18-də keçirilib.
Mərasimdə müxtəlif ölkələrdən rəsmilər, TÜRKSOY-un baş katibi Sultan Raev, digər qonaqlar iştirak ediblər. Qeyd edək ki, TÜRKSOY 2024-cü ili “Məhtimqulu Fəraqi ili” elan edib.
Aşqabadın cənub hissəsində, Kopetdağın ətəyində salınmış mədəniyyət və istirahət parkında qoyulan heykəlin hündürlüyü 60 metrdir. Heykəl 20 metrlik postamentin üzərində ucalır, postament isə parkın ən hündür yerində inşa edilib. Ətrafında xüsusi işıqlandırma qurulan heykəl kompleksi gecə də on kilometrlərlə uzaqdan görünür.
Türkmənistan mediasının məlumatına görə, bu, Orta Asiyada ən böyük abidədir. Abidənin yerləşdiyi parkda dünyanın 24 şair, yazıçı və mütəfəkkirinin heykəlləri qoyulub. Onların arasında Türk dünyasından Yunus Əmrə, Əlişir Nəvai, Kurmanqazı Saqırbayulı, Çingiz Aytmatov da var. Rus ədəbiyyatını Fyodor Dostoyevski, fars ədəbiyyatını Hafiz Şirazi, hind ədəbiyyatını Rabindranat Taqor təmsil edir. Parkdakı heykəllərlə bağlı Türkmənistan saytlarında dərc olunan siyahıda Avropadan Dante, Şekspir, Höte, Balzak, Eminesku və başqaları var.
Maraqlıdır ki, Cənubi Qafqazdakı qonşularımızın ədəbi şəxsiyyətləri kimi Şota Rustaveli və Sayat Novanın da abidələrinin qoyulduğu parkda Azərbaycan ədəbiyyatının təmsilçisi yoxdur. Güman edirik ki, parkda bundan sonra qoyulacaq abidələr sırasında Nizami, Nəsimi, Füzuli, Vaqif, Mirzə Fətəli kimi qüdrətli ədiblərdən də biri yer alacaq...