Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 19–23 may tarixlərində ölkəmizdə keçirilən Tacikistan Mədəniyyəti Günləri sona çatdı.

Bakıda başlanan mədəniyyət günlərinin sonuncu günündə – mayın 23-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Tacikistan və Azərbaycan dostluğu” adlı geniş konsert proqramı təqdim olundu.

Musiqili axşamın tamaşaçıları arasında Tacikistanın mədəniyyət naziri xanım Matlubaxon Sattoriyen, Azərbayca mədəniyyət nazirinin müavini Murad Hüseynov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, digər rəsmilər, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri var idi.

Konsertdə Tacikistanın Xalq artistləri Mirəli Dostizoda, Rüstəm Dulloyev, Raxmatullo Hoşimov, Əməkdar artistlər Sitorai Karomatullo, Davlat Nəzriyev, Güləsal Pulodova, Məhəmmədrafi Karomatullo, Fotimai Məşrabın, Fəxriddini Malikin, Nigina Amonkulova, Haknazar Alovatov, eləcə də Qaffar Vəlamatzadə adına Dövlət Əməkdar Rəqs Ansamblı, “Lola”, “Zebo” və “Parastu”, “Gülrez”, “Cahonoro”, “Bazmoro” rəqs ansamblları və başqaları çıxış etdilər.

Proqramda “Sevdiyim diyar”, “Bu gözəl gözlər”, “Tacikistan-Azərbaycan”, “Sevgim”, “Dostluğun nuru” və digər mahnılar ifa olundu.

Tacikistan sənətçilərinin musiqi və rəqs nömrələri böyük maraq və alqışlarla qarşılandı. Onların Azərbaycan musiqisinə müraciəti isə xüsusi rəğbət doğurdu. “Azərbaycan”, “Sarı gəlin” və “Sevgili canan” mahnıları gurultulu alqışlarla mükafatlandırıldı.

Xatırladaq ki, mədəniyyət günləri çərçivəsində Bakıda Tacikistan incəsənət ustalarının qala-konserti, bu ölkənin rəssamlarının əsərləri, xalq sənətkarlıq nümunələri və milli geyimlərindən ibarət sərgi təşkil edilib, Tacik kinosu günləri keçirilib.

Nurəddin