Mayın 28-də Beynəlxalq Muğam Mərkəzində Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) tərəfindən Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunan konsert proqramı təqdim olundu.
Konserti izləyənlər sırasında mədəniyyət nazirinin müavini Səadət Yusifova, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri və tanınmış incəsənət xadimləri var idi.
Əvvəlcə TMİF-in prezidenti Aktotı Raimkulova çıxış edərək Müstəqillik Günü münasibətilə təbriklərini çatdırdı, ölkəmizə sülh və əmin-amanlıq arzuladı. Bildirdi ki, bir gün əvvəl (27 may) Nizami Kino Mərkəzində fond tərəfindən Azərbaycanın Müstəqillik Günü münasibətilə daha bir tədbir – Qarabağın görkəmli şəxsiyyətlərinin təsvirlərinin ipək yaylıqların üzərində əks olunduğu “Qarabağın cizgiləri” adlı sərgi və TMİF-in layihəsi üzrə 2022-ci ildə çəkilən, Qarabağ xanının son varisi Xurşidbanu Natəvana həsr olunan “Şuşanın tək incisi” filminin təqdimatı keçirilib.
Sonra Qazaxıstanın “Turan” folklor-etnoqrafik ansamblının iştirakı ilə konsert təqdim olundu. Konsert TMİF və Roza Baqlanova adına “Qazaxkonsert” Dövlət Akademik Konsert Təşkilatının birgə təşkilatçılığı ilə keçirilirdi.
Proqramda həm qrupun repertuarından tanış kompozisiyalar, həm də yeni əsərlər təqdim olundu.
Ansambl ilk olaraq Dədə Qorquda həsr olunan əsəri səsləndirdi. Türk xalqlarının qəhrəmanlıq dastanlarından nümunələr, eləcə də Azərbaycan xalq mahnılarının yer aldığı proqram tamaşaçıların böyük alqışları ilə qarşılandı. Konsertin finalında “Ər Turan” (“Türk Kanı”) əsəri ifa olundu.
Qeyd edək ki, 2008-ci ildə Almatı şəhərindəki Kurmanqazı adına Qazax Milli Konservatoriyasında yaradılan “Turan” qrupu qısa müddətdə Qazaxıstanla yanaşı, geniş Türk dünyası coğrafiyasında populyarlıq qazanıb.
“Turan” ansamblı fəaliyyəti dövründə dünyanın yüzdən çox şəhərində konsertlər verib. Kollektiv ötən ilin dekabrında da Bakıda çıxış etmişdi.
L.Azəri