Sadıq bəy Əfşar
   
   Orta əsrlər Azərbaycan miniatür sənətinin tanınmış simalarından biri, əsərləri dünyanın məşhur muzeylərini bəzəyən sənətkarlardan biri də Sadıq bəy Əfşardır.
   
   O, 1553-cü ildə Təbrizdə, Əfşar tayfasına mənsub əsilzadə bir ailədə anadan olub. Erkən yaşlarından poeziya və rəssamlığa həvəs göstərir. Lakin çox keçmir həyatın sərt üzü ilə qarşılaşır. İyirmi yaşında atasını itirir. Bu itki onun həyatında dərin iz buraxır. Həyatdan, taleyindən küsür. Qiyafəsini dəyişib dərviş paltarı geyir. Ərəb ölkələrinə səyahətə çıxır. Vətənə döndükdə isə xırda feodalların malikanələrində təsərrüfat işlərində çalışır.
   Ancaq qeyri-adi istedadı onu yaradıcılığa sövq edirdi. O, özü bu barədə belə yazıb: “Əgər sənətə və peşəkarlığa can atırsansa, nə qədər bacarırsan özünü kamilləşdirməyə çalış. İncəsənətsiz həyat ömür-gün deyil“. O, təhsilini artırmaq üçün tanınmış rəssam Behzadın yetirməsi Müzəffər Əlinin yanında şagirdliyə başlayır. Səkkiz illik təhsil müddətində müəllimindən çox şey öyrənir, məşhurlaşır, şöhrəti gedib şah sarayına çatır. Bir müddət sonra saraya dəvət olunur.
   II Şah İsmayılın dövründə şah kitabxanasının nəzdindəki emalatxanada çalışır. Şah Məhəmməd Xudabəndinin zamanında isə kitabxananın rəhbəri olur. “İncəsənət akademiyası“ olan bu kitabxananı vaxtilə dahi miniatürçülər Behzad və Sultan Məhəmməd yaratmışdılar. Buradakı emalatxanalarda kitabların üzü köçürülür, miniatürlər yaradılır, rəng və kağız istehsalının texnologiyası işlənib hazırlanırdı.
   Sadıq bəy Əfşar Azərbaycan miniatür sənəti tarixində gözəl portret ustası kimi tanınıb, İmamqulu xanın, Teymur xan Türkmənin portretlərini çəkib. Həmin portretlər, eyni zamanda “Əmir“, “Gəzərgi dərviş“ rəsmləri Paris, İstanbul, Boston və Sankt-Peterburq muzeylərində saxlanılır. Onun illüstrasiyalar çəkdiyi bir neçə kitab da indiyə qədər qalmaqdadır.
   Sadıq bəy Əfşar həm də şair olub. Fars və türk dillərində qəzəl, qəsidə, qitə, rübai, müxəmməs və məsnəvi janrlarında şeirlərin müəllifidir. Onun Təbriz Mərkəzi Kitabxanasında əlyazma külliyyatında farsca və türkcə şeirləri, “Məcməül-xəvas“ adlı şeirlər təzkirəsi, rəssamlıq haqqında farsca “Qanunüs-süvar“, “Həttiyyat“ risalələri və digər əsərləri saxlanılır.
   Dahi sənətkar 1633-cü il tarixdə Təbrizdə vəfat edib.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar