28 May – Müstəqillik Günü münasibətilə müxtəlif ölkələrdə keçirilən tədbirlərdə Azərbaycan mədəniyyəti və incəsənətinin zənginliyi nümayiş olunub. Özünəməxsus çalarları ilə seçilən Azərbaycan caz musiqisi Avstriyada və Fransada təqdim edilib.
Avstriyanın Baden şəhərində keçirilən konsertdə Xalq artisti Cəmil Əmirovun rəhbərlik etdiyi “Savab” caz qrupu çıxış edib. Musiqi pavilyonunda açıq səma altında konsert proqramı Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Baden Şəhər Bələdiyyəsinin əməkdaşlığı əsasında təşkil olunub.
Bələdiyyənin Mədəniyyət idarəsinin rəhbəri professor Hans-Qerd Ramaxer artıq ənənə halını alan əməkdaşlığa görə AMM-in rəhbəri Leyla Qasımovaya minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan musiqiçilərinin təqdim etdiyi konsert proqramları yerli sənətsevərlər tərəfindən yüksək qiymətləndirilir.
Cəmil Əmirovun “Savab” caz qrupu Azərbaycan bəstəkarlarının əsərləri əsasında hazırlanmış etnocaz proqramını təqdim edib. Xalq artisti Mircavad Cəfərov (ud), Əməkdar artistlər Tofiq Cabbarov (perkussiya) və Ruslan Hüseynov (bas), eləcə də Elvin Bəşirov (zərb) və Coşqun Sadıqovun (balaban, tütək) ifaları alqışlarla qarşılanıb.
***
Parisdə, Fransanın “Louis Vitton” Fondunda isə azərbaycanlı caz pianoçusu, Əməkdar artist Şahin Növrəslinin solo konserti olub.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, “Louis Vitton” Fondunun üzvləri, incəsənət nümayəndələri, diaspor üzvləri dinləyicilər arasında olublar.
Konsertdə Şahin Növrəsli klassik caz mövzularında improvizələri və Azərbaycan melodiyalarının da rəng qatdığı öz kompozisiyalarını ifa edib.
Şahin Növrəsli Londonda “Royal Festival Hall”, Montrö Caz Festivalı, Praqada Beynəlxalq Piano Festivalı kimi bir çox musiqi layihələrində çıxış edib.