Dünya Turizm Təşkilatı 2013-cü ilin statistikasını açıqlayıb
Dünya Turizm Təşkilatının dünyada turist səfərləri ilə bağlı 2013-cü il üçün proqnozları özünü doğruldub. Təşkilatın yaydığı xəbərdə bildirilir ki, ötən ilin nəticələrinə görə, dünya üzrə 1 milyard 87 milyon turist səfəri qeydə alınıb ki, bu da 2012-ci illə müqayisədə 5 faiz artım deməkdir.
Qlobal iqtisadi tənəzzülə baxmayaraq, ötən il ərzində dünya üzrə 52 milyon beynəlxalq turist turu həyata keçirilib. DTT ekspertləri hesab edir ki, bu artım tempi 2014-cü ildə də davam edəcək və turist səfərlərinin sayında 4-4,5 faiz artım olacaq.
Qeyd edək ki, DTT-nin ekspertləri 2013-cü ildə 3-4 faiz artımın olacağını proqnozlaşdırmışdı. Eyni zamanda bu göstərici bazar iqtisadiyyatına keçmiş ölkələrin büdcələrində 6 faiz, iqtisadiyyatı yenicə inkişaf etməkdə olan ölkələrin büdcələrində isə 4 faiz artım deməkdir.
«2013-cü il turizm üçün çox düşərli oldu»
«2013-cü il beynəlxalq turizm üçün çox düşərli il oldu», Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ötən ilin nəticələrini qiymətləndirərkən belə deyib. Onun sözlərinə görə, nəticələr sübut edir ki, turizm sektoru dəyişən bazar iqtisadiyyatı qaydalarına uyğun olaraq inkişaf edir, dünyada baş verən iqtisadi və siyasi gərginliklərə baxmayaraq, yeni iş yerlərinin yaradılmasında müstəsna rolu olan bir sahədir: «Faktiki olaraq, turizm hər zaman yaxşı xəbər verən azsaylı sektorlardan biridir. Nəticələr bir daha göstərir ki, artıq turizmin iqtisadiyyatın aparıcı istiqaməti olduğunu, həmçinin ölkələrin sosial-iqtisadi inkişafında bu sahənin əvəzsiz rolunu etiraf etmək lazımdır».
Ötən il dünya üzrə turistlər öz səfərlərini daha çox Asiya-Sakit okean regionuna (6 faiz), Afrika (6 faiz) və Avropa ölkələrinə (5 faiz) reallaşdırıblar. Subregionlar arasında isə Cənubi-Şərqi Asiya (10 faiz), Mərkəzi və Şərqi Avropa (7 faiz), Cənubi və Aralıq dənizi ətrafı Avropa ölkələri (6 faiz) və Şimali Afrika (6 faiz) liderlik edir.
Təşkilatın ekspertlərinin hesablamalarına görə, 2014-cü ildən daha yüksək nəticələr gözləmək mümkündür. Onların fikrincə, bu il Asiya-Sakit okean regionunda (6 faiz) və Afrikada (6 faiz) artım olacaq. Eyni zamanda Avropa və Amerika (hər ikisində 4 faizədək) yüksək potensialı ilə onları izləyəcək. Ekspertlər Yaxın Şərqdə də artım (5 faizə qədər) ola biləcəyini proqnozlaşdırsalar da, bu barədə dəqiq fikir söyləmirlər.
Avropa turizmdən yüksək gəlir əldə edib
Avropa 2013-cü ildə qitədən kənardan 29 milyon turist qəbul edib. Subregionlar arasında ən yaxşı nəticəni Mərkəzi və Şərqi Avropa (7 faiz) və Cənubi və Aralıq dənizi ətrafı Avropa (6 faiz) göstərib.
Asiya-Sakit okean regionunu 14 milyon turist ziyarət edib. Bu regionun subregionları arasında ən yüksək nəticə Cənub-Şərqi Asiyada (10 faiz), Cənubi Asiyada (5 faiz) və Okeaniya və Şimal-Şərqi Asiyada (hər birində 4 faiz) müşahidə olunub.
Amerika regionuna isə il ərzində 6 milyon turist səfəri reallaşdırılıb. Bu regionda Şimali və Mərkəzi Amerika (4 faizlik nəticə ilə) istiqamətləri liderlik edib. Eyni zamanda 2012-ci illə müqayisədə Cənubi Amerika (2 faiz) və Karib dənizi hövzəsi istiqamətlərində (1 faiz) artım müşahidə edilib.
Afrika ümumilikdə 3 milyon turisti cəlb edə bilib. Bu regionda isə Şimali Afrika (6 faiz) və Cənubi Saxara (5 faiz) üstünlük təşkil edir. Yaxın Şərqdə isə ötən il turist sayında artım olmayıb.
Çin turist xərcləmələrinə görə liderdir
Dünya üzrə turizm bazarları arasında Çin (2012-ci ildə turist xərcləmələri 102 milyard dollar olub) birinci yerdədir. Rusiyanın turizm xərcləmələri 20 faizədək artıb. Turizmin inkişaf etdiyi ölkələr arasında Fransanın turist xərcləmələrinə 6 faiz, Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniyada, Kanada və Avstraliyada 3 faiz artıb olub. Onlardan fərqli olaraq, Almaniya, Yaponiya və İtaliyada gediş turizminə sərf olunan xərclərin azaldığı bildirilir.
Digər inkişaf etmiş turizm bazarlarında da getmə turizmi üzrə xərclər açıqlanıb. Bu sırada Türkiyə (24 faiz), Qətər (18 faiz), Filippin (18 faiz), İndoneziya (15 faiz), Ukrayna (15 faiz) və Braziliya (14 faiz) nəticə göstərib.
Qeyd edək ki, ötən il Azərbaycana gələn turistlərin sayında da artım müşahidə olunub. 2013-cü ildə ölkəmizə 2 milyon 300 mindən çox xarici vətəndaş gəlib. Həmin müddətdə Azərbaycandan xarici ölkələrə səfər edənlərin sayı isə 3 milyon 950 min nəfərə çatıb.
Fəxriyyə