Naxçıvan Dövlət Universiteti (NDU) və Azərbaycan Milli Konservatoriyasının (AMK) birgə təşkilatçılığı ilə “Naxçıvanda caz sədaları” adlı ilk konsert proqramı keçirilib.
Universitetin İncəsənət fakültəsinin müəllim və tələbələrinin iştirak etdiyi konsert muxtar respublikanın 100 illik yubileyinə həsr olunub.
NDU-nun rektoru Elbrus İsayev çıxış edərək deyib ki, konservatoriya ilə qurulan əməkdaşlıq öz öz müsbət nəticələrini göstərməkdir. Rektor universitetin müəllim və tələbələri ilə yanaşı, Milli Konservatoriyanın müəllimi Əməkdar artist, caz ifaçısı Emil Əfrasiyabın da bu səhnədə çıxışını iki ali təhsil müəssisəsi arasında qurulan əməkdaşlıq əlaqələrinin nümunəvi davamı kimi qiymətləndirib.
Sonra caz musiqisinin tarixi və Azərbaycanda yaranması barədə məlumat verilib.
Daha sonra söz musiqiyə verilib. Müəllim və tələbələrin ifasında Pink Martinin “Carioca”, Bill Evansın “Autumn leaves”, Frenk Sinatranın “Strangers in the Night”, Poul Desmondun “Take Five”, “Gəlmədi”, Əzizə Mustafazadənin “Danceof fire”, “Boomerang” və digər musiqilər səsləndiriblər.
NDU-nun nigeryalı tələbəsi Josef Okpamenin konsertdə çıxışı xüsusi alqışlarla qarşılanıb.
AMK-nın Populyar musiqi və caz ifaçılığı kafedrasının müdiri pianoçu, bəstəkar, Əməkdar artist Emil Əfrasiyab özünün yazdığı “İki dünya”, V.Mustafazadənin “Mart”, “Əzizə” və digər əsərləri ifa edib.