Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Milli Konservatoriyası (AMK) İnstrumental muğam kafedrasının müdiri Xalq artisti Malik Mansurovun rəhbərliyi ilə “Naz-nazı” muğam qrupunun konserti təqdim olunub.
Qrupun üzvləri İbrahim Cabbarov (bəm tar), Səyyar Teymurov (zərb alətləri), Məhta Məhəmmədəlizadə (qanun), Fərhad Qədirov (ud), Abuzər Əsgərli (kamança), Nüşabə Kərimli (xanəndə) xalq mahnıları və muğamlardan ibarət maraqlı proqramla çıxış ediblər.
Konsertin sonunda çıxış edən Malik Mansurov konsertin təşkilatçıları və qonaqlara təşəkkür edib. Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist Sahib Paşazadə ansamblın üzvlərini təbrik edərək deyib: “Konsertdə Malik Mansurovun instrumental ifaçılığa öz fərdi yanaşmasını gördük. Bu yeni yanaşma müzakirə və elmi laboratoriyalar üçün çox mühüm araşdırma mənbəyi kimi əhəmiyyəti kəsb edir”.