Mövzuya bir daha qayıdırıq...
“Ədəbiyyat dərsləri və teatrların repertuarı” mövzusunu (bu mövzuda ilk yazımız “Mədəniyyət” qəzetinin 17 aprel 2024-cü il tarixli sayında dərc olunub – S.B.) davam etdirərək məsələyə məktəbli-teatr prizmasından daha yaxından baxaq. Ədəbiyyat dərslərini yeniyetmələr üçün əhəmiyyətli məşğuliyyətə çevirmək, onlarda ciddi mütaliəyə maraq yaratmaq istiqamətində artıq çox illərdir ki, mübahisə və müzakirələr aparılır. Bu baxımdan dram əsərlərinin şagirdlər tərəfindən mənimsənilməsində teatrın rolu xüsusi önəm kəsb edir.
Müasir dövrdə məktəbin əsasını təşkil edən tədris-tərbiyə sistemi şagirdlərdə fəal həyat mövqeyi, prinsipiallıq, mənəvi maraqların və tələbatların hərtərəfliliyi kimi keyfiyyətlərə köklənir. Mədəniyyətin, incəsənətin nailiyyətləri gənclər tərəfindən müəyyən hazırlıq səviyyəsi ilə təmin edilən və sənət əsərlərinin müəllifləri ilə oxucular (tamaşaçılar) arasında dialoq imkanı yaradan dərinlik və maraqla qavranmalıdır.
Şagirdlərin incəsənətə marağını artırmaq işində ədəbiyyat dərsləri az əhəmiyyət kəsb etmir. Çünki ədəbiyyat dərslərinin müvəffəqiyyətinin əsas şərtlərindən biri incəsənətin digər növlərinə müraciəti nəzərdə tutur. Bəs şagirdlər tərəfindən dram əsərlərinin qavranılmasındakı çətinlikləri necə aradan qaldırmaq olar, bundan ötrü hansı şərait yaradılmalıdır? Bu istiqamətdə ən effektiv şərait ədəbiyyat dərsləri ilə sıx bağlı olan məktəb dram özfəaliyyətinin təşkili, məktəblilərin dərs prosesində dram əsərlərini dərk edərək oxumasına və təhlilinə hazırlanması, dram əsərinin spesifik bədii keyfiyyətlərini nəzərə alaraq onun analizi, ədəbi təhsilin vəzifələrini və məktəblilərin inkişafına uyğun olaraq peşəkar teatra müraciətlə təmin etmək olar. Məqsədyönlü yanaşmalara kiçik ibrətamiz epizodların müstəqil şəkildə səhnələşdirilməsi, dramaturji epizodun öyrədici analizi, ədəbiyyat dərslərində bu əsərlərin ucadan oxusunu aid etmək olar.
İlkin gənclik dövrünü yaşayanlar üçün teatr vacib məkan və anlayışdır. Teatrın təsiri altında hər hansı gəncin qəlbində onun mənəvi, estetik və intellektual dünyasını zənginləşdirən və formalaşdıran parlaq duyğular oyana bilər. Səhnə obrazı təcrübəsiz tamaşaçıya bədii sözün sehrli məziyyətlərini göstərir: gənclərdə bədii təcrübə keyfiyyəti formalaşdırır, bunsuz isə bədii ədəbiyyatın mütaliəsi, incəsənətin qavranılması mümkünsüzdür.
Şagirdlər qarşısında klassikanın səhifələrini açmalı, onlarda keçmiş dövrlərə aid ideya və obrazlara maraq yaratmalı, ötən əsrlərin yaradıcı insanları ilə müasir zaman arasında canlı əlaqə qurmalı olduğumuz vaxt gəlib çatanda teatrın rolu xüsusən aydın hiss olunur.
Məsələn, Yuğ Dövlət Teatrının uzun müddət repertuarında olan “Naməlum Axundzadə” tamaşasının hazırlanmasında Mirzə Fətəlinin komediyalarından və nəsr əsərlərindən istifadə edilib. Teatrın repertuarındakı “Şəbədə” tamaşası isə görkəmli ədibin ən az tamaşaya qoyulmuş pyesi – “Mürafiə vəkillərinin hekayəti” əsasında hazırlanıb. “Mürafiə vəkillərinin hekayəti”nə rejissorlar tərəfindən daha az müraciət edilməsini bəzi teatr tənqidçiləri dramaturji materialın dilinin ədibin digər pyeslərinə nisbətən qəliz olması və bu əsərdə ərəb-fars mənşəli sözlərin çox olması ilə izah edirlər. Lakin Yuğ teatrının “Şəbədə”si tamaşaçılar, o cümlədən məktəblilər tərəfindən çox anlaşıqlı və rahat qavranılır. Deməli, orta məktəbdə ədəbiyyat dərsliklərindən M.F.Axundzadə irsi ilə tanış olan şagirdlər üçün də bu tamaşalar faydalı və maraqlı ola bilər. Yuğ teatrının “Mənəm, mən...” mistik-psixoloji janrlı səhnə əsəri Azərbaycan ədəbiyyatının digər görkəmli nümayəndəsi İmadəddin Nəsiminin şair-mütəfəkkir kimi şəxsiyyətinin incəliklərini anlamaqda əhəmiyyətli rol oynayan teatr yozumlarındandır.
Öncəki məqaləmizdə qeyd etmişdik ki, müasir dövrün şagirdləri mütaliəyə, o cümlədən Azərbaycan ədəbiyyatının mütaliəsinə o qədər də həvəsli deyillər. Bu mənada teatr sənəti bədii əsərlərə yeni ruh verərək “klassika və müasirlik” probleminin həllində böyük rol oynaya bilər. Kollektiv hiss, həyəcan və təəssürat yeniyetmə şagirdlərin klassik dramaturgiyanı qavramasında xüsusilə əhəmiyyət kəsb edir.
Mütaliə və ya kollektiv oxu zamanı gənclərdə ilk baxışdan durğun, solğun təəssürat doğuran bir əsər teatr reflektorlarının işığında möhtəşəmliklə, parlaqlıqla və əlvan çalarlarla dolub-daşır, intellektual və emosional assosiasiyalar oyadır, yaddaşa həkk olunur. Tamaşaya kollektiv baxış tədris proqramı üzrə keçilən pyes üzrə təhlili dərinləşdirir, şagirdlərin diqqətini əsərdə yer alan və tamaşada gerçəkləşən səhnə imkanlarına cəlb edir, bütün bunlar isə mütaliə və qavrama vərdişlərini fəallaşdırır, tamaşa ilə pyesin müqayisəsi şagirdlərdə yeni mövzuları işləmək bacarığını açır.
Göründüyü kimi, teatrlarla məktəblər arasında əlaqənin daha sıx və daha məqsədyönlü olmasını şərtləndirən kifayət qədər səbəb var...
Samirə Behbudqızı