Mais Nuriyev tələbələrinin əhatəsində

 

İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, tanınmış xoreoqraf, Milan Konservatoriyasının professoru Mais Nuriyevin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

“Cinema Teatro Manzoni”də keçirilən gecədə Busto-Qarolfon şəhərinin (Milan əyaləti) meri Sindako Suzanna Biondi, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.

Dövlət Komitəsindən bildirilib ki, tədbir çərçivəsində Mais Nuriyevin italyan tələbələrdən ibarət rəqs qrupunun Azərbaycan musiqisini ifa etmələri böyük maraqla qarşılanıb. Xoreoqrafın müxtəlif ölkələrdə yaşayan tələbələri noyabr ayından etibarən ustadlarının yaradıcılıq gecəsinə hazırlaşıblar.

Mer Sindako Suzanna Biondi tədbir iştirakçılarını salamlayıb və məşhur xoreoqraf Mais Nuriyevə öz ürək sözlərini çatdırıb.

Milan Opera Teatrının keçmiş bədii rəhbəri Cüzeppe Karboni də Mais Nuriyevi təbrik edərək, öz xoş arzularını bildirib.

Mais Nuriyevə həsr olunmuş “Azərbaycan! Qardaşım, sağ ol!” əsərini müəllifin özü – Milan Konservatoriyasının keçmiş professoru David Qualtierinin ifa etməsi alqışlarla qarşılanıb.

Çıxışlarda dəfələrlə beynəlxalq müsabiqələrdə münsif olan Mais Nuriyevin Avropada Azərbaycan mədəniyyətini uğurla təmsil etməsi, müxtəlif xalqların rəqslərini səhnələşdirməsi barədə danışılıb, onun yaradıcılıq nümunələri nümayiş olunub.

Mais Nuriyevin yaradıcılığına həsr olunmuş film göstərilib.

Tələbələri sonda Mais Nuriyevi səhnəyə dəvət edib, sürəkli alqışlarla ona öz təbriklərini çatdırıblar.

Qeyd edək ki, Azərbaycan xalq rəqslərinin beynəlxalq aləmdə təbliği, İtaliyada diaspor fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində çox əhəmiyyətli işlər görmüş Mais Nuriyev “Əməkdar artist” fəxri adına və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülüb. Ustad xoreoqraf bu il San-Remo Beynəlxalq Rəqs Müsabiqəsinin münsiflər heyətində də yer alıb.