2024-cü ildə dünya üzrə aviaşirkətlər təxminən 5 milyard sərnişin daşıyacaq və onların gəlirləri təqribən 1 trilyon dollara çatacaq. Hər iki göstərici rekord həddə çatacaq və pandemiyanın mənfi təsirləri tamamilə aradan qaldırılacaq.
Bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) son hesabatında bildirilir. Qeyd olunub ki, 2024-cü ildə dünya aviaşirkətlərinin xalis mənfəəti (gəlirdən xərclər çıxıldıqdan sonra) 30 milyard dollardan çox olacaq.
IATA Dubayda keçirilən illik ümumi yığıncağında bildirib ki, bununla belə, ümumi xərclər də bu il rekord həddə çatacaq və 9,4 faiz artaraq 936 milyard dollar təşkil edəcək.
Assosiasiyanın baş direktoru Villi Uolş qeyd edib ki, aviaşirkətlərin gəlirlərinin artması və maliyyə dayanıqlığının gücləndirilməsi mühüm amillərdir.
COVID-19 pandemiyası hava nəqliyyatını böhrana sürükləyib, təyyarə parkına mənfi təsir göstərib, habelə minlərlə iş yerinin ixtisarına səbəb olub. IATA-nın məlumatına görə, 2020–2022-ci illər arasında itkilər 183 milyard dollar təşkil edib. Bu il gözlənilən sərnişin sayına və 996 milyard dollarlıq gəlirə baxmayaraq, mülki aviasiya sənayesi üçün bəzi problemlər qalmaqdadır.