Dənizkənarı Milli Parkda və gəzinti teploxodunda Wi-Fi olacaq
Paytaxtın Dənizkənarı Milli Parkında dəniz gəzintiləri üçün alınan yeni üç göyərtəli "Mirvari" teploxodu Wi-Fi internet məkanı ilə təchiz ediləcək.
Dənizkənarı Milli Park İdarəsindən bildiriblər ki, teploxodun maksimum tutumu 650 nəfərə qədərdir. Gəmi Azərbaycanın sifarişi əsasında Türkiyənin «Asiya Dənizçilik» şirkəti tərəfindən inşa edilib.
İdarədən verilən məlumata görə, hazırda Wi-Fi məkanı üzrə layihə qiymətləndirmə mərhələsindədir. Layihə üzrə 40-50 kilometr fəaliyyət radiuslu gücləndirilmiş antenaları olan çıxış nöqtələrinin quraşdırılması nəzərdə tutulur ki, bu da Xəzər akvatoriyasında internetə simsiz çıxışdan rahat istifadəyə imkan verəcək.
Park ərazisində Wi-Fi-ın işə salınması layihəsinə gəlincə, idarədən qeyd ediblər ki, sınaqların nəticələri gözlənildiyi kimi uğurlu alınmayıb: «Əlverişsiz hava şəraiti və bulvar ərazisində rütubətin yüksək olması daha əvvəl quraşdırılmış avadanlığın sökülməsinə səbəb oldu. Yeni avadanlığın alınması məsələsi nəzərdən keçirilir. Onun quraşdırılması martda başa çatmalıdır».
İdarədən deyiblər ki, əsas məqsəd parka istirahətə gələnləri internetə keyfiyyətli çıxışla təmin etməkdir: «Bu məsələ qarşıdakı illər ərzində Azərbaycanda keçirilməsi gözlənilən iri tədbirlər fonunda daha çox aktuallıq qazanır. Belə bir layihənin həyata keçirilməsi şəhərimizə gələn turistlər üçün də rahatlıq yaradır».
Fəxriyyə Abdullayeva