Alfred Korton adına “École Normale de Musique de Paris” musiqi məktəbinin iki azərbaycanlı tələbəsi klassik musiqini yenidən gündəmə gətirməyi qərara alıb. Ağarəhim Quliyev (fleyta) və Eldəniz Ələkbərzadə (piano) klassik musiqilərə, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinə yeni nəfəs vermək məqsədilə “Duo Avey” adlı qrup və onun internet səhifəsini yaradıblar.

Son iki ildə bəzi konsertlərdə birgə çıxış edən azərbaycanlı gənclər klassik musiqini, xüsusilə də unudulmuş musiqiləri yenidən gündəliyə gətirmək üçün birgə fəaliyyət göstərməyi qərara alıblar. Onların repertuarında Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Tofiq Quliyev kimi bəstəkarlarımızın əsərləri də yer alacaq. Gənc musiqiçilərin məqsədi Azərbaycan bəstəkarlarının zəngin irsini daha geniş auditoriyaya tanıtmaqdır.

“Duo Avey” qrupu yalnız musiqinin texniki icrasına deyil, həm də səslənməsinə xüsusi diqqət yetirir.