Olaylar, faktlar (12 – 14 iyun)

 

228 il əvvəl...

 

13 iyun 1796-cı ildə Azərbaycanın şimal torpaqlarına yürüş edən general V.Zubovun komandanlığı altındakı rus qoşunları Bakını ələ keçiriblər. İşğal uzun çəkmədi və II Yekaterinanın ölümündən sonra taxta çıxan oğlu I Pavel ordunu geri çağırdı. Ruslar 1797-ci ilin martında Bakını tərk etdilər. Bir neçə ildən sonra (1804) Rusiyanın Azərbaycana növbəti və bu dəfə uzunmüddətli işğalçılıq yürüşü başladı.

 

218 il əvvəl...

 

12 iyun 1806-cı ildə Şuşa yaxınlığındakı Xanbağında Qarabağ xanı İbrahimxəlil xan Cavanşir ailə üzvləri və yaxınları ilə birlikdə rus hərbçiləri tərəfindən qətlə yetirilib. Mayor Lisaneviçin dəstəsi xanın çadırlarına basqın edərək ümumilikdə 17 nəfəri öldürüb. Ruslar bir il öncə (14 may 1805-ci il) Qarabağ xanı ilə bağlanan Kürəkçay müqaviləsinə belə “əməl” etdilər.

 

105 il əvvəl...

 

14 iyun 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti ölkədə hərbi vəziyyət elan edib. Baş nazir Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Dövlət Müdafiə Komitəsinə (11 iyunda yaradılmışdı) Muğandakı bolşevik təmayüllü qiyamı və ermənilərin Qarabağ və Zəngəzurdakı silahlı çıxışlarını yatırmaq üçün fövqəladə səlahiyyətlər verilib.

 

104 il əvvəl...

 

12 iyun 1920-ci ildə Panama kanalının açılışı olub. Cənubi və Şimali Amerikanı ayıran kanalın tikintisi hələ XVI əsrdə gündəmə gəlmişdi. 1901-ci ildə Panamanı Kolumbiyanın əlindən alan ABŞ Britaniya ilə birlikdə kanalın tikintisinə başlayıb. 81,6 kilometr uzunluğunda olan kanal yalnız 1990-cı illərdə Panama dövlətinin nəzarətinə verildi.

 

90 il əvvəl...

 

13 iyun 1934-cü ildə Bakıda Azərbaycan yazıçılarının I qurultayı başlanıb. İyunun 17-dək davam edən qurultayda Azərbaycan Yazıçılar İttifaqı yaradılıb. O vaxtadək yazıçılar ayrı-ayrı ədəbi birliklərdə fəaliyyət göstərirdilər.

 

78 il əvvəl...

 

14 iyun 1946-cı ildə Cənubi Azərbaycanda (Təbriz) Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökuməti süqut edib. 1945-ci ilin 12 dekabrında (21 Azər hərəkatı) elan edilən sol təmayüllü Pişəvəri hökumətinə bölgədəki sovet qoşunları tərəfindən dəstək vardı. Lakin II Dünya müharibəsinin başa çatması ilə sovet qoşunları bölgəni tərk etdilər və Milli Hökumətə qarşı İran şah rejimi tərəfindən repressiyalar başlandı. Bir qrup məsləkdaşı ilə sovet Azərbaycanına mühacirət edən Pişəvəri burada müəmmalı avtomobil qəzasında (1947) həlak oldu.

 

53 il əvvəl...

 

13 iyun 1971-ci ildə Türkiyədə Mədəniyyət Nazirliyi təşkil edilib. Həmin vaxtadək ölkədə mədəniyyət sahəsinin idarə olunması Milli Təhsil Nazirliyinə bağlı idi. Buradakı müvafiq qurumun bazasında yeni nazirlik yaradılıb. 2003-cü ildə turizm sahəsini də əhatə etməklə Mədəniyyət və Turizm Nazirliyinə çevrilib.

Hazırladı: V.Orxan