Yaponiyanın Kanaqava əyalətinin Yokohama şəhərində bu ölkədə yaşayan azərbaycanlı pianoçu Gülnarə Səfərovanın konserti keçirilib.
Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “Zen On” musiqi nəşriyyatının dəstəyi, ölkəmizin Yaponiyadakı səfirliyinin iştirakı ilə “Kenmin Hall” salonunda gerçəkləşib.
Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği istiqamətində Yaponiyada həyata keçirilən layihələr barədə məlumat verib, Azərbaycan musiqisinə göstərdikləri diqqətə görə tamaşaçılara minnətdarlığını bildirib. Qeyd edib ki, ölkələrimiz məsafə baxımından uzaq olsa da, mədəniyyət bizi birləşdirir. Diqqətə çatdırılıb ki, Yaponiyada Azərbaycanın çox istedadlı təmsilçiləri var və pianoçu Gülnarə Səfərova onlardan biridir. Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin əsərlərinin gündoğar ölkədə nəşrini yapon və Azərbaycan klassik musiqi əlaqələrinin genişlənməsində vacib addım adlandıran sədr bu layihənin başlanğıcını qoyan Gülnarə Səfərovaya təşəkkür edib.
Sonra pianoçular Gülnarə Səfərova və Kosuke Naranın ifasında Azərbaycan bəstəkarları Qara Qarayevin və Xədicə Zeynalovanın, eləcə də N.Metnerin, B.Bartokun və K.Sen-Sansın əsərləri səsləndirilib.
Qeyd edək ki, konsert çərçivəsində Gülnarə Səfərovanın “Tovuz quşunun nəğmələri” kitabının təqdimatı da olub.