Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin final tədbiri – qaliblərin mükafatlandırılması iyunun 9-da Şuşada, Avropa üslublu Azərbaycan klassik vokal məktəbinin banisi Bülbülün Ev-Muzeyində olacaqdı.

Bir gün əvvəldən biz – tədbiri işıqlandıracaq media nümayəndələri müsabiqə qalibləri, təşkilat komitəsinin və münsiflər heyətinin üzvləri ilə birlikdə yola çıxdıq. Axşamüstü Şuşa bizi göy gurultusu, güclü leysanla qarşılayanda bir az narahat olduq: görəsən, sabah hava açıq havada keçiriləsi konsertə öz təbii düzəlişlərini etməyəcək? Axı hər necə olsa, bura dağlar qoynuna sığınmış, bir gündə dörd fəsil havası bəxş edən Şuşadır. Bircə müsabiqə iştirakçıları sakit görünürdülər: o da Şuşa havasının sürprizlərindən xəbərsizlik səbəbindən…

***

Ertəsi gün günortayadək yağan narın yağış gəzinti planlarımıza əl gəzdirsə də, fikirləşdik ki, yəqin elə bugünkü yağış payımızı aldıq. Üstəlik, günortanın istisi də konsert zamanı təbiət şıltaqlığının yaşanmayacağına kövrək inam yaradırdı.

***

Nəhayət, Bülbülün Ev-Muzeyindəyik. Həyətdə səhnə qurulub. Səyyar teleyayım qurğuları yerində, təşkilat komitəsi hazırlıq işlərini tamamlayıb, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin musiqiçiləri alətlərini sazlayırlar, bir sözlə, hər kəs öz işinin başındadır.

Müsabiqə finalçıları səhnə libaslarını geyinib çıxışa hazırlaşırlar. Bu arada Azərbaycan milli geyimində iki sarışın yeniyetmə qız da gözə dəyir. Onların kimliyini bir azdan biləcəyik.

Hələliksə, baxışlarımız başımızın üstündə bozun gərəkli çalarını tapmağa çalışan rəssamın palitrasındakı rəngin gah qatılaşan, gah da seyrələn buludların hərəkət istiqamətini izləyirik, küləyin acığa düşüb göydən asılmış buludları uzaqlara qovacağına ümidliyik.

Nəhayət, populyar aparıcı Saleh Bağırov səhnəyə çıxaraq, IX Bülbül müsabiqəsi barədə faktları çatdırır. Müsabiqədə iştirak etmək üçün 30 ölkədən 212 nəfər müraciət edibmiş. Münsiflər heyətinin üzvləri seçim turunda videoyazılış dinləmələrindən sonra 130 nəfəri birinci tura keçiriblər. Birinci turdan sonra isə 41 nəfər ikinci tura vəsiqə alıb. Onların arasından final tura keçən və artıq müsabiqənin diplomantı, yaxud laureatı adına namizəd 16 nəfəri seçmək lazım gəlib. Ən yaxşı səsləri, ən mükəmməl səhnə performansını sərgiləyən 16 nəfəri seçməklə də münsiflər özlərini çətinə salıblar: çünki üçüncü turdan sonra mükafatların verilməsi məşvərəti təxminən beş saat davam edib.

Əməkdar artist Fuad İbrahimovun idarəsi ilə simfonik orkestrin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”nın səslənişi ilə konsert başladı. Buradaca qeyd edək ki, bütün çıxışlar boyu orkestri dörd dirijor – Əməkdar artistlər Əyyub Quliyev və Fuad İbrahimov, həmçinin Mustafa Mehmandarov, Murtuza Bülbül idarə edirdi.

Öncə müsabiqənin diplomantları bir-birinin ardınca səhnəyə çıxdılar. Özbəkistan təmsilçisi Otobek Nazirov, Rusiyadan Polina Hafizova və Nadejda Meyer, Monqolustan təmsilçisi Amarbold Send-Ayuuş növbə ilə çıxış etdilər.

Elə ilk diplomantın çıxışından sonra milli geyimli sarışın qızların kimliyi bilindi. Məlum oldu ki, bu qızlar, daha doğrusu, Anna və Bella adlı iki bacı Bülbülün nəticələri, Polad Bülbüloğlunun nəvələridir. İlk dəfə ulu babalarının yurduna ayaq basan bacıların müsabiqədə missiyası diplomantlara diplom, həm də bütün iştirakçılara çiçək təqdim etmək imiş. 

Laureatlardan əvvəl isə “Bülbülün repertuarından Azərbaycan bəstəkarının əsəri” nominasiyasında fərqlənmiş Aleksey Yurkovski (Rusiya) çıxış etdi.

IV yeri qazanaraq müsabiqənin laureatı adını qazanmış Monqolustan təmsilçisi Mongolkhuu Byambajav dünyanın ən populyar opera əsərlərindən olan Q.Donisettinin “Sevgi şərbəti” operasından fırıldaqçı sehrbaz Dulkamaranın ariyasını elə şövqlə ifa etdi ki, tamaşaçılar özlərini tamaşanın konsert versiyasının seyrçisi kimi hiss etdilər. Ona mükafatı  münsiflər heyətinin üzvü, Rusiya Böyük Teatrının Gənclər opera proqramının bədii rəhbəri, Rusiyanın Əməkdar incəsənət xadimi Dmitri Vdovin təqdim etdi.

IV mükafatın digər sahibi Rusiya təmsilçisi Samirə Həlimova Ş.Qunonun “Faust” operasından Marqaritanın ariyasını oxudu. Səhnənin böyründə dayanıb mükafatı təqdim edəcəyi anı gözləyən münsif – Rusiyanın Əməkdar artisti, vətənindən daha çox Avropada çıxış edən Mariya Meşeryakovanın Samirə ilə birlikdə sevimli opera partiyasını səssizcə oxumağı diqqətimizdən yayınmadı. Hazırda Mariinski Teatrının Vladivostok səhnəsində çıxış edən Samirənin ürəkdən gələn ifası xanım Meşeryakovanın ürəyinə necə yatmışdısa, o, mükafatı sahibinə təqdim edəndən sonra “Heyrətamiz səsin var, onu qoru” deyə tövsiyəsini əsirgəmədi. 

III yerin iki sahibindən biri – Yuliya Sitnikovanın (Rusiya) ifasından sonra onu təbrik edən Başqırdıstanın Xalq artisti, Başqırdıstan Dövlət Opera və Balet Teatrının bədii rəhbəri Askar Abdrazakov müsabiqəyə və tamaşaçılara ehtiramını Ş.Qunonun “Faust” operasından Mefistofelin kupletləri ilə ifadə etdi. Dünyanın ən möhtəşəm opera səhnələrində çıxış edən Abrazakovun bu ifası tamaşaçılar üçün zövq mənbəyi, gənc vokalçılar üçün isə, sözsüz ki, həm də ifaçılıq meyarı olaraq maraqlı idi.  

III yeri Yuliya ilə paylaşmış digər Rusiya təmsilçisi İrina Bolşakovanın mükafatını Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Xalq artisti Murad Adıgözəlzadə təqdim etdi.

…Və bu çıxışdan sonra tamaşaçıları bir mənəvi mükafat gözləyirdi: 2005-ci ildə Bülbül müsabiqəsində III yerin qalibi olmuş, Azərbaycanın Xalq artisti, Rusiya Böyük Teatrının solisti Dinarə Əliyeva səhnəyə çıxdı. Təxminən on beş ildən bəri Avropa səhnələrini öz gur səsi və səhnə məlahəti ilə fəth edən Dinarə xanım bir növ üçüncü mükafat seriyasını yekunlaşdıraraq bu yerin nə qədər düşərli olduğuna canlı nümunə idi. Dinarə Əliyeva səhnəyə qalxanda bayaqdan xəfifcə əsən küləyin sürəti artdı və başımızın üstündəki buludlar sıxlaşmağa başladı. Dünyanın ən gözəl sopranolarından biri hətta belə bir zarafat etdi: “Deyəsən, final nömrə olacaq”…

Amma Dinarə Əliyeva təxminən 12-13 dəqiqə yanılmışdı. Çünki II mükafata layiq görülmüş Qazaxıstan təmsilçiləri Maksat Samatov və Leyla Alamanovanın çıxışları zamanı buludlar üzlərini əməllicə bozartsalar da, təmkinlərini qoruyub saxlaya bildilər.

I mükafatı qazanaraq laureat olmuş Rusiya təmsilçisi, bas-bariton səsli Stepan Volkov çıxışını artıq yağışın ilk iri damlaları altında başladı və Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Mixail Yevdokimov mükafatı təqdim etdikdən sonra orkestr də notlarını yığışdırıb onun ardınca səhnəni boşaltdı.

Beləcə, Şuşanın yay yağışı cığallıq edib qələbə konsertini plana uyğun başa çatmağa qoymadı.

I yerin digər sahibi bizim Atəş Qarayev və Qran-pri mükafatı almış Kanada təmsilçisi Kler Kulon eyvana sığınmış publikanın qarşısında a-kapella oxuyaraq konserti yekunlaşdırdılar.

Bu yerdə Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, müsabiqənin münsiflər heyətinin sədr müavini Fərhad Bədəlbəylinin konsertdən öncə jurnalistlərə verdiyi açıqlamada dediyi fikir təsdiqini tapdı: “Gərək siz uşaqları Filarmoniyanın səhnəsində mikrofonsuz dinləyəydiniz. Onda hiss edərsiniz ki, bu müsabiqə əvvəlki müsabiqələrdən çox güclü səslərin, mükəmməl ifaların çoxluğu ilə necə seçilir!...”.

Yağış aranı necə qarışdırdısa, biz Atəşlə Kleri elə mikrofonsuz dinlədik.

Müsabiqə tarixinə öz bərəkətli müdaxiləsini edən yağış ara verən kimi müsabiqənin təşkilat komitəsinin və Beynəlxalq Bülbül Fondunun sədri Xalq artisti, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu çıxış edərək qalibləri təbrik etdi, müsabiqənin başa gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi və bir anons verdi: X müsabiqə 2027-ci ildə baş tutacaq.

…Adını nə qoymağımızdan asılı olmayaraq, göy gurultusu, şimşək, ildırım  təbiət hadisəsidirsə, insanın oxumaq səsi də təbiətin bəxşişidir. Onlar bir-biri ilə istəmədən bəhsə başlayanda üstələyən hadisə olsa da, qalib həmişə insan səsidir!

Gülcahan Mirməmməd
Şuşa-Bakı