Olaylar, faktlar (15 – 18 iyun)
17 iyun “Dünya səhralaşma və quraqlıqla mübarizə günü”dür (World Day to Combat Desertification and Drought). BMT Baş Assambleyasının 30 yanvar 1995-ci il tarixli qətnaməsi ilə təsis edilib.
18 iyun Azərbaycanda İnsan Hüquqları Günüdür. 1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul olunub. Prezident İlham Əliyevin sərəncamı (2007) ilə bu tarix “İnsan hüquqları günü” kimi təsis olunub.
635 il əvvəl...
15 iyun 1389-cu ildə Kosovo düzündə (indiki Kosovonun paytaxtı Priştina yaxınlığında) baş verən tarixi döyüşdə Sultan Muradın başçılığı ilə Osmanlı qoşunları serb knyazı Lazarın ordusunu məğlub edib. Döyüşdən sonra Sultan Murad serb Miloş Obiliç tərəfindən sui-qəsdlə öldürülsə də, bu qalibiyyət Osmanlının Balkanlarda beş əsr sürən hökmranlığının başlanğıcı oldu.
209 il əvvəl...
18 iyun 1815-ci ildə Napoleon ordusunun tamamilə darmadağın edilməsi ilə nəticələnən Vaterloo (Belçika) döyüşü olub. Müttəfiqlər tərəfindən sürgünə göndərildiyi Elba adasından qaçaraq Fransaya gələn (“100 günlük hakimiyyət”) və ordusunu yenidən toplayaraq Belçika üzərinə hücuma keçən Napoleon ingilis-holland-alman qüvvələri tərəfindən məğlub edilib. Napoleon İngiltərənin nəzarətində olan Müqəddəs Yelena adasına ömürlük sürgün olunub.
106 il əvvəl...
16 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və müvəqqəti hökuməti Tiflisdən Gəncəyə köçüb. Cümhuriyyətin keçici paytaxtı elan edilən Gəncə Nuru paşanın başçılıq etdiyi türk (Osmanlı) qoşunlarının nəzarətində idi.
17 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Səhiyyə Nazirliyi təşkil olunub, Xudadat bəy Rəfibəyli səhiyyə naziri təyin edilib. Prezident Heydər Əliyevin 4 iyun 2001-ci ildə imzaladığı sərəncamla 17 iyun Azərbaycanda tibb işçilərinin peşə bayramı günü elan olunub.
80 il əvvəl...
17 iyun 1944-cü ildə Danimarka ilə İslandiya arasında uniya (ittifaq) sona çatıb. Hər iki ölkədə keçirilən referendum nəticəsində İslandiya müstəqil respublika elan olunub. Buzlaqlar ölkəsi İslandiya (ərazisi 103 min kvadrat kilometr) XIV əsrin sonundan Danimarkanın hökmranlığı altında idi. Uniya isə 1918-ci ildə yaradılmışdı.
31 il əvvəl...
15 iyun 1993-cü ildə Milli Məclisin iclasında təşkilati məsələyə baxılıb. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev parlamentin sədri seçilib. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilik tarixində yeni dövrün başlanğıcı oldu. 1997-ci ildə (27 iyun) Milli Məclis 15 iyunu Milli Qurtuluş Günü elan etdi.
23 il əvvəl...
18 iyun 2001-ci ildə Prezident Heydər Əliyev “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanla 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib, bütün rəsmi yazışma və sənədləşmələr latın qrafikasında aparılmağa başlanıb.
Hazırladı: V.Orxan