Meksikalı musiqiçilərin Azərbaycan tamaşaçılarına sürprizi də oldu
İyunun 11-də Beynəlxalq Muğam Mərkəzində “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olundu. Proqram Meksikanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə gerçəkləşdi.
Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero çıxış edərək iki ölkənin qədim tarixə, dövlətçilik ənənələrinə malik olduğunu dedi. Meksikalı ifaçıların Bakıdakı konsertinin maraqlı olacağını qeyd edən diplomat tamaşaçılara xoş seyrlər arzuladı.
Millət vəkili, Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın səmərəli şəkildə davam etdiyini bildirdi. İki ölkə arasında dostluq münasibətlərinin təşəkkül tapdığını, eləcə də parlamentlər səviyyəsində fəal əməkdaşlığın olduğunu qeyd edən millət vəkili mədəni tədbirlərin də bu xüsusda əhəmiyyətini vurğuladı.
Daha sonra meksikalı tenor Luis İtzkoatl və pianoçu Maurisio Duran səhnəyə çıxdılar. Diqqətə çatdırdılar ki, əsas amalları Meksikanın musiqi mədəniyyətini paylaşmaq üçün dünya ölkələrində konsertlər vermək, Meksika musiqisini, bəstəkarlarını və poeziyasını təbliğ etməkdir.
İfaçılar maraqlı proqramla çıxış etdilər. Proqrama Meksikanın milli vokal musiqi nümunələri və gənc bəstəkarlarının əsərləri daxil idi.
Konsertin sonunda meksikalı musiqiçilərin Azərbaycan tamaşaçılarına sürprizi də oldu. Unudulmaz Müslüm Maqomayevin “Azərbaycan” mahnısının səslənməsi sürəkli alqışlarla qarşılandı.
Lalə Azəri