Turizm İnstitutunda Tempus layihəsinin müzakirəsi keçirilib

Fevralın 17-də Azərbaycan Turizm İnstitutunda Avropa İttifaqının «Davamlı turizmin idarəolunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması» üzrə Tempus layihəsi çərçivəsində tərəfdaş iştirakçıların növbəti toplantısı keçirilib.
Tədbiri ATİ-nin rektoru, professor Cəfər Cəfərov açaraq, iştirakçılara layihə çərçivəsində fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə layihə üzrə ötən ilin sonunda Riqada keçirilmiş görüşün nəticələri və qarşıda duran vəzifələr müzakirə olunub. Layihə koordinatoru Andrea Menn və meneceri Gila Altman öz çıxışlarında layihə çərçivəsində fəaliyyət göstərən tərəfdaş ali məktəblərin tələbələri üçün Jade Universitetində, Latviya və Gürcüstanda 3 aylıq təcrübə keçmə imkanlarının nəzərdə tutulduğunu diqqətə çatdırıblar. Layihənin sonrakı mərhələlərində isə müxtəlif istiqamətli təlimlərin təşkili qərarlaşdırılıb. Diqqətinə çatdırılıb ki, bu ilin iyununda tərəfdaş ali məktəblərin rəhbərliyi səviyyəsində layihənin son nəticələrinə dair görüş keçiriləcək.

Fəxriyyə