Olaylar, faktlar (19 – 23 iyun)

 

23 iyun “Dövlət qulluqçularının peşə bayramı” günüdür. 2003-cü ildə BMT Baş Assambleyası tərəfindən təsis edilən gün Azərbaycanda da Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə qeyd edilir.

 

521 il əvvəl...

 

21 iyun 1503-cü ildə Şah İsmayılın başçılıq etdiyi Səfəvi qoşunları Almaqulağı (Həmədan yaxınlığında) döyüşündə Sultan Muradın başçılığı altında Ağqoyunlu ordusunu məğlub edib. 1500-cü ildə Ağqoyunlu dövləti ikiyə parçalandıqdan sonra onun bir qoluna Əlvənd Mirzə, ikinci qoluna Sultan Murad başçılıq edirdi. Səfəvi qoşunları 1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzəni məğlub etmişdi. Ağqoyunlunun hər iki  qolunun məhv edilməsi ilə Səfəvi dövlətinin güclənməsi başlandı.

 

411 il əvvəl...

 

21 iyun 1613-cü ildə Rusiyada Romanovlar sülaləsinin hakimiyyəti başlayıb. 1606-cı ildə başlayan qarışıqlıq və ixtilafdan sonra boyarlar gənc Mixail Romanovu çar seçiblər. Kremldəki Uspenski kilsəsində yeni çarın tacqoyma mərasimi keçirildi. Romanovlar sülaləsi 3 əsr hakimiyyətdə qaldı.

 

277 il əvvəl...

 

20 iyun 1747-ci ildə Nadir şah Əfşar (1688-1747) sui-qəsd nəticəsində öldürülüb. Nadir sonuncu Səfəvi hökmdarı III Şah Abbasın ordu komandanı olub. 1736-cı ildə III Şah Abbasın ölümündən sonra Suqovuşanda (Sabirabad rayonu) Azərbaycan bəylərinin qurultayını çağıraraq özünü şah elan edib. Nadir şah Səfəvilərdən sonra güclü dövlət qurmaq istəyirdi. Lakin onun Azərbaycanı İran taxtı ətrafında birləşdirmək niyyəti yerlərdə etiraz doğururdu. Orta Asiyanın bir hissəsini, Hindistanın şimalını ələ keçirərək qurduğu imperatorluq ölümündən sonra dağıldı.

 

104 il əvvəl...

 

19 iyun 1920-ci ildə Xalq Cümhuriyyətinin qurucularından Fətəli xan Xoyski Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib. Terror aktı nəticəsində Xəlil bəy Xasməmmədov (Cümhuriyyətin ədliyyə və daxili işlər naziri) da ağır yaralanıb.

***

23 iyun 1920-ci ildə Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub. Xiyabaninin lideri olduğu Azərbaycan Demokrat Firqəsi həmin ilin aprelində üsyan nəticəsində Təbrizdə faktiki hakimiyyəti ələ almışdı. Milli hökumət 1920-ci ilin sentyabrında Şeyx Məhəmməd Xiyabaninin qətlə yetirilməsi ilə süqut etdi.

 

83 il əvvəl...

 

22 iyun 1941-ci ildə Almaniya qoşunları SSRİ üzərinə hücuma keçiblər, Böyük Vətən müharibəsi başlayıb. Hitlerin “Barbarossa” planına görə, müharibə 2-3 ay ərzində SSRİ-nin Uraladək ərazisinin (o cümlədən Bakının) tutulması ilə yekunlaşmalı idi. Amma müharibə 4 il sürdü və Berlində başa çatdı. Bu qələbə SSRİ-yə 30 milyona yaxın insanın itirilməsi hesabına başa gəldi.

 

63 il əvvəl...

 

19 iyun 1961-ci ildə Küveyt müstəqillik əldə edib. XVI əsrdən Osmanlı imperiyası tərkibində olan Küveyt 1899-cu ildə Britaniyanın protektoratlığına keçmişdi.

 

23 il əvvəl...

 

21 iyun 2001-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.

Hazırladı: V.Orxan