Olaylar, faktlar (24 – 27 iyun)
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin Hökuməti ilk əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.
106 il əvvəl...
24 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurasının qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti dövlət rəmzi elan edilib. Azərbaycanın indiki üçrəngli bayrağı 1918-ci ilin 9 noyabrında qəbul olundu.
27 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası “Dövlət dili haqqında” qərar qəbul edib. Azərbaycan (türk) dili ölkə ərazisində dövlət dili elan olunub.
86 il əvvəl...
24 iyun 1938-ci ildə I çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilib. 310 nəfərlik parlamentə 107 fəhlə, 88 kolxozçu və 115 ziyalı-qulluqçu seçilmişdi. Deputatların 72-si qadın idi. Kommunist Partiyasının bütün dövlət funksiyalarını mənimsədiyi şəraitdə Ali Sovet qanunverici orqan olaraq formal fəaliyyət göstərirdi.
64 il əvvəl...
25 iyun 1950-ci ildə Koreya müharibəsi başlayıb. Şimali Koreyanın (KXDR) qoşunları demarkasiya xəttini keçərək Cənubi Koreya (Koreya Respublikası) ərazisinə daxil olublar. 1948–1949-cu illərdə Şimali və Cənubi Koreya ərazisindən SSRİ və ABŞ-ın qoşunları çıxandan sonra iki ölkə arasında 38-ci paralel üzrə demarkasiya xətti çəkilmiş, Pxenyan Moskvanın, Seul isə Vaşinqtonun təsiri altında qalmışdı. Üç il sürən müharibə sərhədin 38-ci paralel üzrə bərpası ilə yekunlaşdı. Hər iki tərəfdən ümumilikdə 1,5 milyon nəfər həlak olmuşdu.
49 il əvvəl...
25 iyun 1975-ci ildə Portuqaliyanın müstəmləkəsi olan Mozambik müstəqilliyini elan edib. Afrikanın cənub-şərqində ən böyük dövlət (ərazisi 802 min kv km) olan Mozambik qitədə müstəmləkəçiliyin son dayaqlarından idi.
32 il əvvəl...
25 iyun 1992-ci ildə İstanbulda Türkiyə Prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən konfransda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı təsis edilib. Yeni regional təşkilatın yaradılması barədə “İstanbul bəyannaməsi”ni 9 ölkə (Türkiyə, Rusiya, Ukrayna, Moldova, Rumıniya, Albaniya, Gürcüstan, Azərbaycan, Ermənistan) imzalayıb. 1995-ci ildə Yunanıstan, 1997-ci ildə Bolqarıstan, 2004-cü ildə Serbiya təşkilata üzv oldu.
31 il əvvəl...
24 iyun 1993-cü ildə parlamentdə ölkədəki siyasi böhran müzakirə olunub. İyunun 18-də Bakını tərk edərək Ordubad rayonunun Kələki kəndinə getmiş Prezident Əbülfəz Elçibəylə danışıqlardan qayıdan ziyalı heyətinin məlumatı dinlənilib. Elçibəyin Bakıya dönmək istəmədiyini nəzərə alan parlament, Konstitusiyanın müvafiq maddəsinə əsasən, Prezident səlahiyyətlərinin Ali Sovetin sədrinə (Heydər Əliyev) verilməsi barədə qərar qəbul edib.
Hazırladı: V.Orxan