Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Estoniya Musiqi və Teatr Akademiyasının məzunu, beynəlxalq müsabiqələr laureatı, hazırda bəstəkar kimi fəaliyyətini kino və teatr sahəsində davam etdirən Nigar Süleymanın İkinci Qarabağ müharibəsi şəhidi Rəşad Babayevə həsr etdiyi “Simli kvartet” əsəri Polşada keçirilən “WBM” müsabiqəsində birinci yerə layiq görülüb.

BMA-dan bildirilib ki, müsabiqə qalibləri arasında ABŞ, Yaponiya və Çin bəstəkarları da var.

Şəhidə ithaf edilən əsərdə qəhrəmanın yaşantıları, Vətən sevgisi və onun uğrunda canını fəda etməsi əks olunub.

Nigar Süleyman Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Pikə Axundovanın sinfində ilk bəstəkarlıq təhsilini alıb. Eyni zamanda Kəmalə Şıxəliyeva, Nəzakət Heydərova, Ayaz Qəmbərli, Yulizana Kuxmazovanın dərslərində iştirak edib. Məktəbdə oxuduğu illərdə fortepiano üçün pyeslər, violin və fortepiano üçün miniatürlər, simli orkestr üçün “Zülmətin rəqsi”, klarnet və fleyta üçün miniatürlər yazıb.

Hələ məktəbli ikən Türkiyədə, Rusiyada müsabiqələrdə iştirak edib. BMA-da təhsilini davam etdirdiyi vaxt Nizami Gəncəviyə həsr olunmuş romans müsabiqəsinin diplomantı, Bakı Caz Festivalının mükafatçısı (2-ci yer) olub. 2021-ci ildə Estoniya Musiqi və Teatr Akademiyasında “Erasmus” proqramı çərçivəsində elektroakustik bəstəkarlıq dərsləri alıb.