Şair-publisist Hidayətin kitabı özbək dilində nəşr edilib
   
   Daşkənddəki “Mənəviyyat” nəşriyyatında şair, dramaturq, publisist Hidayətin “Dağların mahnısı” şeirlər kitabı özbək dilində çap olunub. Kitabı Usmon Kuçkar tərcümə edib. Şairin “Vətən” şeiri ilə açılan kitabda təbiət ilə insan arasındakı uyğunluq, mənəvi-əxlaqi, fəlsəfi-poetik üslubda yazdığı şeirlər yer alıb.
   Özbəkistanın Xalq şairi Usmon Azimin kitaba yazdığı “Ön söz”də deyilir ki, Azərbaycan və özbək xalqları arasında qədim dostluq əlaqələri var. Azərbaycanda özbək, Özbəkistanda Azərbaycan şairlərinin şeirləri sevilə-sevilə oxunur.
   “Ön söz”də Azərbaycan və özbək şairlərinin dostluğundan da geniş söhbət açılır. Bildirilir ki, Daşkənddə böyük Azərbaycan şairi Nizami Gəncəviyə, Bakıda isə tanınmış özbək şairi Əlişir Nəvaiyə abidə ucaldılması xalqlarımız arasındakı qarşılıqlı hörmət və ehtiramın təcəssümüdür.