Xəbər verildiyi kimi, 2019-cu ildən Böyük Britaniyada həbsdə olan “Wikileaks” portalının təsisçisi Culian Assanj (Julian Assange) ABŞ hakimiyyəti ilə razılığa gələrək azadlığa çıxıb.
İyunun 24-də Belmarş həbsxanasından çıxan Culian Assanj təyyarə ilə ABŞ-nin Qərbi Sakit okeandakı federal torpağı sayılan Saypan adasında (Marian adaları) aparılıb və ayın 25-də oradakı məhkəmədən sonra sərbəst buraxılıb. Assanj buradan vətəni Avstraliyaya gedib.
C.Assanj məhkəmə prosesi zamanı ABŞ-nin hərbi sirlərini ictimailəşdirmə maddəsi üzrə təqsirli olduğunu etiraf edib, həmçinin “Wikileaks” portalındakı məlumatları silmək öhdəliyini üzərinə götürüb. Razılaşma üzrə o, ABŞ yurisdiksiyasındakı məhkəmədə hakim qarşısına çıxmalı idi və Amerikaya getmək istəmədiyi üçün məhkəmə Saypan adasında (həm də Avstraliyaya yaxın) təşkil edilib.
Razılaşma şərtinə görə, ABŞ Ədliyyə Departamentinin prokurorları məhkəmədə Assanja 62 aylıq həbs tələb edib, bu da onun Britaniyada həbsxanada olduğu müddətə bərabərdir və o artıq cəzasını çəkmiş sayılıb. Qeyd edək ki, “Wikileaks”in təsisçisi təkadamlıq kamerada 1901 gün keçirib.
Xatırladaq ki, Assanj 2009-cu ilin sonundan (Barak Obamanın prezidentliyi dövründə) başlayaraq qurduğu “WikiLeaks” saytında Əfqanıstandakı müharibə ilə bağlı fəaliyyətlərə dair on minlərlə hesabatı, İraqdakı müharibə ilə bağlı yüz minlərlə hesabatı, ABŞ Dövlət Departamentinin yüz minlərlə teleqramını və Quantanamo həbsxanasında məhbuslarla bağlı xülasə hesabatı ictimailəşdirdiyi üçün barəsində cinayət işi açılmışdı. Ona qarşı ümumilikdə 175 il həbs cəzası olan ittihamlar irəli sürülmüşdü.
Assanj 2012–2019-cu illərdə Ekvadorun Londondakı Səfirliyində gizlənmiş, Ekvador onun siyasi sığınacaq hüququnu ləğv edəndən sonra isə o, həbs edilərək Britaniyada həbsxanaya salınmışdı. İngilis məhkəməsi 2022-ci ilin aprelində onun ABŞ-yə ekstradisiyasına icazə vermişdi, lakin müdafiə tərəfi apellyasiya üzündən bu gerçəkləşməmişdi.
“WikiLeaks” qurucusunun azadlığa çıxması ABŞ-də birmənalı qarşılanmayıb.
Assanj müharibə zamanı əsgərlərimizin həyatını təhlükəyə atmışdı və qanun çərçivəsində mühakimə edilməli idi. Bayden administrasiyasının onunla sövdələşməsi ədalətin pozulmasıdır.
Bunu ABŞ-nin keçmiş (Donald Tramp dövründə) vitse-prezidenti Mayk Pens deyib. O bildirib ki, ABŞ ordusunun və ya dövlətin milli təhlükəsizliyinə təhdid yaradan heç kəs üçün həbsxanadan yayınmağa şərait yaradacaq bir müqavilə olmamalıdır.