Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Gəncə şəhərində tarixən qaynar ədəbi-mədəni mühit olub. Hələ XIX əsrin sonlarından şəhərdə həvəskarlardan ibarət teatr truppası fəaliyyət göstərib. 1895-ci ildə yerli həvəskarlar Mirzə Fətəli Axundzadənin “Hacı Qara” pyesini tamaşaya qoyub. 1898-ci ildə göstərilən “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasında isə Gəncənin istedadlı gəncləri öz səhnə bacarıqlarını nümayiş etdiriblər.

1906-cı ildə Gəncə Müsəlman Dram Məclisi adlı 38 nəfərdən ibarət truppa təşkil edilmiş və bu truppaya rəhbərlik isə Ələsgər bəy Xasməmmədova tapşırılıb. Truppanın fəallarından Mirzə Məhəmməd Axundzadə, Məmmədbağır Şıxzamanzadə, Rüstəm bəy Mirzəzadə, Talıb bəy Məmmədzadə və digərlərinin adlarını qeyd etmək olar. Bu illərdə truppa “Nadir şah”, “Qan ocağı”, “Dursunəli və ballıbadı”, “Bəxtsiz cavan” əsərlərini tamaşaya hazırlayaraq Gəncədə nümayiş etdirib. 1909-cu ildə Gəncədəki yerli həvəskarların dram cəmiyyəti, Gəncə sənət məktəbinin əqaid (qaydalar – red.) və türk dili müəllimi olan Mirzə Məhəmməd Axundzadənin teatr sənətinin dövrü üçün nəzəri problemlərini özündə əks etdirən “Teatro nədir?” əsərini çap etdirib.

Qeyd etmək lazımdır ki, 1915-ci ildə Hacı Yusif Həmzəyevin evində qadınlar üçün pulsuz nümayiş etdirilən “Döymə qapımı, döyərəm qapını” tamaşası böyük maraq doğurub. Bu mədəni hadisənin nəticəsində tamaşadan bir neçə gün sonra şəhər qadın məktəbinin müdiri Xədicə Ağayevanın rəhbərliyi ilə müəllimələrdən ibarət truppa yaradılıb. Həmin il Gəncədə qız məktəbi şagirdlərinin də ilk dram truppası təsis edilib. Müxtəlif  illərdə bu truppaya rejissor Əsəd Şıxzamanov rəhbərlik edib. Burada tanınmış musiqi xadimi, tarzən Məşədi Cəmil Əmirovun (dahi bəstəkar Fikrət Əmirovun atası) “Seyfülmülük” operası ilk dəfə 1916-cı ildə tamaşaya qoyulub. Bu illərdə həmçinin həmkarlar klubu nəzdində dram dərnəyi fəaliyyət göstərib. Bu dərnək istedadlı aktyor truppası ilə yanaşı, rəngarəng repertuarı olan, lakin dövlət statusu almayan bir teatr hesab edilirdi. Həmkarlar klubu nəzdində dram dərnəyi kimi fəaliyyət göstərən bu truppada görkəmli rejissor Adil İsgəndərov, tanınmış sənətkarlardan Barat Şəkinskaya, rejissor və aktyor Mir İbrahim Həmzəyev və başqaları fəaliyyət göstərib. Məhz bu truppada çalışan bir sıra aktyorlar sonradan respublikanın digər teatrlarında uğurlu yaradıcılıq fəaliyyəti ilə tanınmağa başlayıblar. 1916-cı ildə Gəncədə M.C.Əmirovun “Seyidəmir” operası da böyük uğurla nümayiş olunub.

Hətta Azərbaycanda sovet hakimiyyəti qurulduğu illərdə Gəncədə bir neçə dram dərnəyi, eləcə də həvəskarlardan ibarət truppalar fəaliyyət göstərib. “Nadir şah”, “Müsibəti-Fəxrəddin”, “Pəri cadu”, “Arşın mal alan”, “Evliykən subay”, “50 yaşında cavan” operettalarını və başqa əsərlərin müvəffəqiyyətlə tamaşaya hazırlanması dram dərnəkləri və teatr truppalarının əməli fəaliyyətlərinin nəticəsi idi.

***

Məlum olduğu kimi, Gəncə teatrı Azərbaycan Xalq Maarif Komissarları Sovetinin 18 may 1920-ci il əmri ilə ayrı-ayrı truppalarda fəaliyyət göstərən aktyorlar vahid kollektiv şəklində müəyyən edilərək bir təşkilatda birləşdirilməklə Bakıda yaradılıb. Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi ilə “Tənqid-təbliğ teatrı” olaraq öz pərdələrini ilk dəfə S.S.Axundovun “Cərxi-fələk” adlı pyesinin tamaşası açıb.  1921-ci il noyabrın 13-də Bakıda əsası qoyulan kollektiv 1925-ci ilə kimi "Tənqid-təbliğ teatrı” adı ilə, 1925-ci ildən isə "Bakı işçi kəndli" teatrı olaraq fəaliyyət göstərib. 1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülüb və “Tənqid-təbliğ teatrı” kimi fəaliyyətini burada davam etdirib. Teatrın yaradıcı heyətinə Abbas Mirzə Şərifzadə, Ağasadıq Gəraybəyli, Fatma Qədri, İsmayıl Talıblı, Əhməd Salahlı, Atamoğlan Rzayev, İsmayıl Əfəndiyev kimi sənətkarlar daxil idilər. Bu teatrın yetirməsi olan görkəmli pedaqoq və rejissor, SSRİ Xalq artisti Mehdi Məmmədovun dəyərli fikirləri yada düşür: “Teatrın yaradıcılıq yoluna nəzər salanda iftixar hissi duyursan. Teatr daima müasirlik ruhu ilə yaşayıb, hər zaman müasir fikirlər irəli sürməyə can atıb”.

Gəncə Dövlət Milli Dram Teatrının salnaməsinə nəzər salarkən ilk növbədə burada ömrünü sənətə fəda edən Əməkdar incəsənət xadimləri, rejissorlar Yusif Bağırovu, Həsən Ağayevi, Bəhram Əfəndiyevi, Hüseyn Sultanovu, rejissor Nəsir Sadıqzadəni, Yusif  Yıldızı, Xalq artistləri İsmayıl Talıblını, Mehdi Məmmədovu, Barat Şəkinskayanı, Ələkbər Seyfini, Muxtar Avşarovu, Məmmədrza Şeyxzamanovu, Ələddin Abbasovu, Məhəmməd Burcəliyevi, Sədayə Mustafayevanı, Əşrəf Yusifzadəni, Rəmziyyə Veysəlovanı, Zülfüqar Baratzadəni, Vaqif  Şərifovu xatırlatmalıyıq. Eyni zamanda Əməkdar artistlər Əhməd Salahlı, Reyhan Tağıyeva, Sadıq Həsənzadə, Səməd Tağızadə, Əli Rzayev, Ağa Məmmədov, Rza Nadirov, Məmməd Cəfərov, Kərim Sultanov, Firuzə Bədirbəyli, Mənsurə Cəfərova, Ətayə Əliyeva, Yusif Qazıyev, Qurban Abbasov, Simuzər Namazova, Vaqif Məmmədov, Əli Allahverdiyev, Faiq Qasımov və digərləri də Gəncə teatrının inkişafına öz töhfələrini veriblər. Bu sənətkarlar teatrın səhnəsində maraqlı və bitkin obrazlar qalereyası yaradaraq sənətsevərlərin rəğbətini qazanıblar. 

P.Abrahamsın eyniadlı romanı əsasında K.Myufkenin “İldırımlı yollarla”, S.Axundovun “Dağlarda”, S.Vurğunun “Fərhad və Şirin”, N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”, İ.Əfəndiyevin “Atayevlər ailəsi”, “Unuda bilmirəm”, “Mənim günahım”, M.Təhmasibin “Çiçəkli dağ”, Ş.Qurbanovun “Sənsiz”, Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması əsasında Məmmədəli Nəsirovun “Tariyel”, Ə.Haqverdiyevin “Bəxtsiz cavan”, C.Cabbarlının “Almaz”, “Oqtay Eloğlu”, “1905-ci ildə” və “Solğun çiçəklər”, A.Məmmədovun “Ulduzlar görüşəndə”, “Həmyerlilər”, “Bəraət” və digər onlarla səhnə əsəri Gəncə Dövlət  Milli Dram Teatrının repertuarını bəzəyib.

12 dekabr 1956-cı ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə teatra böyük ədib Cəfər Cabbarlının adı verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1991-ci il tarixli 105 saylı qərarı ilə isə teatrın sonuncu dəfə 70 illik yubileyinin keçirilməsi nəzərdə tutulub.

Təsadüfi deyil ki, Azərbaycan teatrında ilk dəfə olaraq məhz Gəncə teatrının səhnəsində qədim yunan dramaturgiyasına müraciət edən rejissor da məhz 33 il teatrın baş rejissoru kimi fəaliyyət göstərən Əməkdar incəsənət xadimi mərhum Yusif  Bağırov olub. O, Evripidin “Medeya” və Sofoklun “Antiqona” faciələrini ilk dəfə olaraq məhz bu teatrın səhnəsində uğurla tamaşaya hazırlayıb. “Medeya” faciəsi 12 dekabr 1969-cu ilə tamaşaçılara təqdim olunub. Y.Bağırov 1976-cı ilin 11 dekabrında Sofoklun “Antiqona” faciəsinə müraciət edib. Bu quruluş da o illərdə teatr ictimaiyyəti tərəfindən böyük əks-səda ilə qarşılanıb.

***

Məlumdur ki, böyük türk şair-dramaturqu Nazim Hikmət 1951-ci ildən SSRİ-də yaşamış və onun əsərlərinin ittifaq miqyasında təbliği dövlət səviyyəsində müvafiq təşkilatlara, həmçinin teatrlara tövsiyə olunub. Hətta 20 mart 1953-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində Əkbər Babayevin çevirməsi və Adil İsgəndərovun quruluşunda “Türkiyədə” əsərinin premyerası olub. 1956-cı ildə “Qəribə adam” və 1960-cı ildə isə “Şöhrət və ya unudulan adam” pyesləri Akademik Dram Teatrının səhnəsində oynanılıb. 1957-ci ildə isə Xalq artisti Məhəmməd Burcəliyevin təklifi ilə Gəncə teatrının səhnəsində N.Hikmətin 3 pərdəli, 14 şəkildən ibarət olan “Kəllə” faciəsi hazırlanıb. 14 may 1957-ci ildə tamaşaya ictimai baxış olub. Xatırladım ki, pyesin dilimizə uyğunlaşdıranı İslam İbrahimov, quruluşçu rejissoru Hüseyn Sultanov, tərtibatçı rəssamı Süleyman Hacıyev, geyim rəssamı Bəhram Əfəndiyev, rejissor assistenti isə Məhəmməd Burcəliyev olub. 1957-ci ildə məhz “Kəllə” faciəsinin tamaşasına baxmaq üçün N.Hikmət Gəncəyə gəlib və səhnə əsərini yüksək qiymətləndirib.

Məcid Şamxalovun 4 pərdəli, 7 şəkildən ibarət “Qayınana” komediyası ilk olaraq Azərbaycan teatr ictimaiyyəti tərəfindən çox zəif bir pyes kimi səciyyələndirilərək səhnəyə qoyulmasının mümkünsüzlüyü bildirilirdi. Bu əsərə də məhz 26 iyun 1957-ci ildə ilk dəfə Gəncə teatrında rejissor, Əməkdar incəsənət xadimi Həsən Ağayev müraciət edib. Bu cəsarətli addımın atılması həmin pyesin uğurlu səhnə həyatı yaşamasının qarantına çevrilə bilib. Azərbaycan səhnəsinin ilk qayınanası - Cənnət xala obrazını isə Gürcüstanın Əməkdar artisti Reyhan Tağıyeva canlandırıb. Qeyd etmək lazımdır ki, məhz H.Ağayevin bu komediyaya müraciətindən sonra “Qayınana” komediyası Azərbaycan teatrlarında səhnəyə qoyulmağa başlanıb və bu pyesin motivləri əsasında Hüseyn Seyidzadə tərəfindən  eyniadlı bədii film çəkilib.

***

Gəncə Dövlət Milli Dram Teatrı və onun yaradıcı kollektivi bu gün də fəaliyyətini uğurla davam etdirir. Belə ki, 2002-ci ildə teatrın səhnəsində tamaşaya qoyulan İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl dərviş” mükafatının Qran pri nominasiyasına layiq görülüb. 2007-ci ildə teatrın baş rejissoru İradə Gözəlovanın tamaşaya hazırladığı  İ.Əfəndiyevin “Qəribə oğlan” pyesi Gənc rejissorların teatr festivalında, 2010-cu ildə isə yaradıcı kollektiv Elçinin “Ölüm hökmü” tamaşası ilə Respublika teatr festivalında uğurla çıxışlar edib. Kollektiv 2011-ci ildə Türkiyənin Giresun şəhərində keçirilən Uluslararası XVII Aksu Tiyatro Festivalında T.Cücenoğlunun “Gözəlçələr” pyesinin tamaşası ilə, həmin il Teatr Xadimləri İttifaqının keçirdiyi “2+1” eksperimental tamaşalar festivalında Kamal Abdullanın “Sərgərdan” pyesinin tamaşası ilə, “Tuğanlıq –2012” Türkdilli Dövlətlərin Beynəlxalq Teatr  Festivalında, 2013-cü ildə Türkiyənin Konya şəhərində “Min səs – bir nəfəs” teatr festivalında uğurla çıxışları olub. Gəncə teatrı 2013-cü ildə növbəti uğura imza atıb. Kollektiv İ.Gözəlovanın quruluşunda N.V.Qoqolun “Evlənmə” pyesinin tamaşası ilə Ukraynada keçirilən “Klassika bu gün” Beynəlxalq Teatr Festivalında iştirak edib, Əməkdar artist İlham Hüseynov canlandırdığı Podkolyosin roluna görə “Ən yaxşı kişi rolu” nominasiyasında mükafata layiq görülüb.

2015-ci ildə teatrın baş rejissoru İ.Gözəlovanın quruluşunda C.Məmmədquluzadənin “Dəli yığıncağı” pyesinin tamaşası Bakı qastrolunda teatr ictimaiyyəti tərəfindən maraqla qarşılanaraq ilin yekununa görə ən uğurlu səhnə əsəri kimi qəbul olunub. Əli Əmirlinin “20 ildən sonra” pyesi Əməkdar artist Novruz Cəfərovun quruluşunda 2017-ci ildə Türkiyənin Merzifon Bələdiyyəsi tərəfindən təşkil olunan 3-cü Beynəlxalq Teatr Festivalında maraqla qarşılanıb və yaradıcı kollektiv xüsusi mükafata layiq görülüb. Gənc rejissor Elşad Əhmədovun hazırladığı T.Cücenoğlunun “Matruşka” pyesinin tamaşası 2018-ci ilin may ayında Giresunda festivalda uğurla nümayiş olunub. İ.Gözəlovanın quruluş verdiyi N.Dumbadzenin “Hellados” pyesinin tamaşası 5-15 iyul 2018-ci il tarixində Gürcüstanın Ozurgeti Dövlət Dram Teatrında keçirilən beynəlxalq festivalda uğur qazanıb.

***

Gəncə Dövlət Milli Dram Teatrının son üç ildəki fəaliyyəti də təqdirəlayiqdir. Yaradıcı kollektiv 2022-ci ildə Bakıda Nüşabə Əsəd Məmmədlinin “Cavad xan” tarixi dramını, Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən Milli Klassika Festivalında Hüseyn Cavidin “Ana” dramını və 2023-cü ildə Bakıda E.İoneskonun “Kral ölür” pyesinin tamaşası ilə çıxış edib. Kollektiv bu səhnə əsəri ilə 2023-cü ildə Türkiyənin Trabzon şəhərində keçirilən teatr festivalında çıxış edib. Əməkdar artisti Elxan Yunis ən yaxşı kişi obrazına görə xüsusi mükafata layiq görülüb.

Kollektiv təkcə festivallarda uğur qazanmaqla qalmayıb, ayrı-ayrı əməkdaşlar müxtəlif tədbirlərdə iştirak edib, festivallarda münsif kimi fəaliyyət göstərib. 2015-ci ildə 20-ci Beynəlxalq Ankara Teatr Festivalına dəvət olunan teatrın gənc rejissoru Elşad Əhmədov “Azərbaycan teatr poetikası” adlı ikigünlük seminar-məşğələ aparıb. Teatrın direktoru Aqil Bəhramlı son üç ildə beş beynəlxalq teatr festivalında münsiflər heyətinin üzvü kimi ölkəmizi təmsil  edib. O, bu ilin 16-26 may tarixlərində Rumıniyanın Kraiova şəhərində keçirilən V Şekspir Beynəlxalq Teatr Festivalında fəxri qonaq qismində iştirak edib.

Kollektiv bu il də xarici ölkələrdə festivallara qatılacaq. Heyət rejissor Tural Mustafayevin quruluşunda hazırlanan E.İoneskonun “Kral ölür” pyesinin tamaşası ilə Portuqaliya və Litvada keçiriləcək festivallara dəvət alıb. Gəncə teatrı həmçinin Mədəniyyət Nazirliyinin ölkədaxili qastrol aksiyasında aktiv iştirak edir.

Gəncə Dövlət  Milli  Dram Teatrında hər il öz repertuarını yerli və xarici müəlliflərin əsərləri ilə zənginləşdirir. 2024-cü ilin repertuar planına uyğun olaraq, baş rejissor, Prezident mükafatçısı Elşad Əhmədovun quruluşunda türkiyəli yazar Birgül Gülər Yaşıloğlunun “Qadınlar danışarsa” sosial dramı üzərində yaradıcılıq işləri artıq yekunlaşmaq üzrədir.

Yaradıcı kollektiv eyni zamanda bir sıra xarici teatrlarla müştərək layihələrin həyata keçirilməsini də diqqətdə saxlayır. Belə ki, teatrın Gürcüstanın Ozurgeti Dram Teatrı, Özbəkistanın Kattakurqan Vilayət Dram Teatrı və Rumıniyanın Kraiova Milli Dram Teatrı ilə yaradıcılıq memorandumları mövcuddur. Sənədlərə əsasən, Ozurgeti Dram Teatrının bədii rəhbəri Vasili Çikokidze 2025-ci ilin planına uyğun olaraq, Gəncə səhnəsində N.Dumbadzenin “Kukaraça” hekayəsinin motivləri əsasında eyniadlı tamaşa hazırlayacaq. Səhnə əsərinin hər iki teatrın yaradıcı kollektivi ilə birgə iştirakı ilə hazırlanması planlaşdırılır.

***

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən Gəncə teatrında yaradılan “İkinci nəfəs” teatr-studiyasında da tədris prosesi uğurla davam etdirilir. Studiyaya qəbul edilən 20 nəfər gənc teatrın tarixi ənənələrini öyrənməklə yanaşı, aktyor sənətinin sirlərinə də dərindən yiyələnirlər.

Bu il Gəncə teatrı üçün xüsusilə əlamətdardır. Azərbaycan Respublikası Baş nazirinin imzaladığı 16 may 2024-cü il tarixli qərarla Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib. Yeni status uzun illərdir fəaliyyət göstərən, özünəməxsus sənət ənənələri olan Gəncə teatrında çalışan əməkdaşların maddi rifahının yaxşılaşdırılmasına, eləcə də yaradıcılıq fəaliyyətinin daha da genişləndirilməsinə böyük stimul olacaq. Hazırda teatrda maddi-texniki bazanın gücləndirilməsi, habelə bu sahədə institusional və məzmun dəyişikliyi istiqamətində işlər davam etdirilir.

Anar Ərtoğrul Burcəliyev
teatrşünas-tənqidçi