Bəzi şirkətlərin erkən rezervasiya endirimləri birmənalı qarşılanmır

Azərbaycan Turizm Assosiasiyası (AZTA) ölkədə fəaliyyət göstərən turizm şirkətlərinə müraciət edib. Müraciətdə bildirilir ki, hazırda turizm bazarında qeyri-stabil vəziyyət yaranıb. Türkiyə istiqaməti üzrə turlar təşkil edən bəzi şirkətlər qiymətləri süni şəkildə aşağı salmaqla həm digər şirkətlərin fəaliyyətinə, həm də müştərilərə problem yaradırlar.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən AZTA idarə heyətinin sədri Nahid Bağırov bildirdi ki, bir çox şirkətlər yay aylarında Türkiyədə və digər ölkələrdə istirahət etmək istəyən müştərilərə erkən rezervasiya ilə turpaketlər təqdim edirlər: “Azərbaycan vətəndaşları əsasən yay mövsümündə istirahətə gedirlər. Xarici ölkələrə getmək istəyənlərin 50-60 faizi Türkiyə istiqamətini seçir. Bu istiqamətdə «Era Style» şirkəti turoperator fəaliyyəti göstərir, yəni turizm şirkətləri onunla müqavilə bağlayırlar. Müqaviləyə əsasən hər şirkət turpaketi müştəriyə satanda turoperatordan 10 faiz komissiya əldə edir. Elə şirkətlər var ki, əldə etdiyi komissiyadan müştəriyə endirim edir və bununla digər şirkətlərin də müştərisini özünə cəlb edir. Bu isə düzgün rəqabət deyil. Bu şirkətlər bazarda xaos yaradırlar. Bazarda 200-dən artıq turizm şirkəti fəaliyyət göstərir. Onların əsas qazancı yay mövsümündə əldə etdikləri komissiyalardır. Hər gün bir çox şirkətlərdən bu məsələ ilə bağlı şikayət alırıq”.
Assosiasiya sədri deyir ki, bəzən bu şirkətlər müştəriləri də aldadırlar: “Onlar sosial şəbəkələrdə təşkil etdikləri turlarla bağlı reklamlar yerləşdirirlər, müştərilərə ucuz qiymətlər təklif edirlər. Bu şirkətlərlə əməkdaşlıq edən insanlar getdikləri yerdə onlara vəd edilən xidməti görmürlər. Belə halların qarşısının alınması məqsədilə AZTA-nın mütəxəssisləri tərəfindən turizm bazarında monitorinqlər keçirilir, vətəndaşların şikayətləri araşdırılır və lazımi ölçü götürülür”.
Nahid Bağırovun sözlərinə görə, hər bir şirkət müştərilərinə qiymətdə endirim edə bilər. Amma bunu bazarın tələblərinə uyğun və vətəndaşların hüquqlarını tanımaqla etməlidirlər: «Buna görə də fürsətdən istifadə edib bütün turizm şirkətlərinin rəhbərlərinə xəbərdarlıq edirəm ki, hər il olduğu kimi, bu il də AZTA belə faktları araşdıracaq. Türkiyə istiqaməti üzrə fəaliyyət göstərən «Era Style» şirkətinə belə şirkətlərlə əməkdaşlıq etməməklə bağlı müraciət etmişik. Nəticə olmayacağı halda digər sərt tədbirlər də görüləcək. Belə şirkətlər AZTA ilə bağlı layihələrə cəlb olunmayacaqlar”.
AZTA sədri dedi ki, bu faktlarla bağlı Mədəniyyət və Turizm Nazirliyinə də məlumat veriləcək.

“Əsas odur ki, müştəri göstərilən xidmətdən razı qalsın”

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov məsələyə münasibət bildirərkən qeyd etdi ki, turizm şirkətinin məhsulu ucuz qiymətə satması qeyri-qanuni iş deyil. Onun sözlərinə görə, bu gün həm Türkiyənin, həm də Azərbaycanın turizm bazarında tələbat çoxdur, müxtəlif xidmətlər, marşrutlar var: “Turizm şirkətləri də bazara uyğun qiymətlər təklif edirlər. Əgər şirkət öz məhsulunu satırsa, müştəri göndərirsə, üstəlik fəaliyyətini nazirliyin verdiyi lisenziya əsasında qurursa, göstərdiyi xidmətə vergisini verirsə, onun fəaliyyəti qeyri-qanuni ola bilməz. Hazırda bazar iqtisadiyyatıdır, qiymətlər sərbəstdir. Turizm şirkəti öz müştərisini əlində saxlamaq üçün münasib qiymət təklif edə bilər. Bu təkcə Türkiyə istiqamətində deyil, eyni zamanda bütün istiqamətlər üzrə fəaliyyət göstərən şirkətlərə aiddir. Əsas məsələ odur ki, müştəri göstərilən xidmətdən razı qalsın».
Bəzi turizm şirkətlərinin qiymətləri süni surətdə aşağı salmaqla müştərini aldatması hallarına gəlincə, nazirlik rəsmisi bildirdi ki, bəzən olur ki, şirkətin reklamda verdiyi şərtlərlə müştərinin aldığı xidmət uyğun gəlmir. Bu halda turizm şirkəti ya fərqli məbləği qaytarmalıdır, ya da müqavilə şərtlərini yerinə yetirməlidir: «Müştərilər belə hallarla bağlı nazirliyə müraciət edə bilərlər. Belə hal təkrar olunduğu təqdirdə qanunvericiliyə və lisenziya qaydalarına uyğun olaraq qərar qəbul oluna bilər».

Fəxriyyə Abdullayeva