Olaylar, faktlar (3 – 5 iyul)
324 il əvvəl...
3 iyul 1700-cü ildə I Pyotrun Azov yürüşlərinin (1695–1696) nəticəsi ilə bağlı Rusiya ilə Osmanlı arasında sülh imzalanıb. İstanbulda imzalanan sazişə əsasən, Azov dənizi sahilindəki limanlarla birlikdə Rusiyanın nəzarətinə keçib. Osmanlı Dneprboyu ərazilər üzərində nəzarəti də itirib.
248 il əvvəl...
4 iyul 1776-cı ildə Amerika Birləşmiş Ştatlarının yaranması barədə “Müstəqillik Bəyannaməsi” qəbul olunub. Tomas Ceferson tərəfindən hazırlanan sənədə Britaniyanın Amerikadakı müstəmləkəsi olan 13 ştat imza atmışdı. Ştatların Filadelfiyada keçirilən II Kontinental Konqresində qəbul edilən “Müstəqillik Bəyannaməsi”ndə o vaxt Avropada hələ olmayan insan haqları və bərabərlik prinsipləri önə çəkilmişdi.
104 il əvvəl...
4 iyul 1920-ci ildə Azərbaycan İnqilab Komitəsi (müvəqqəti hökumət) kino qurğularının milliləşdirilməsi haqqında dekret verib. Respublikadakı bütün kinematoqrafiya müəssisələri Xalq Maarif Komissarlığı yanında İncəsənət Şöbəsinin ixtiyarına verilib. Daha sonra İncəsənət Şöbəsi yanında Mərkəzi Kinoprokat İdarəsi yaradıldı.
78 il əvvəl...
4 iyul 1946-cı ildə Filippin müstəqilliyini elan edib. Üç əsrə yaxın İspaniyanın müstəmləkəsi olmuş Filippin müstəqilliyini 1898-ci ildə (ABŞ-İspaniya müharibəsindən sonra) bəyan etmişdi, lakin sonra ABŞ-nin müstəmləkəsinə çevrilmişdi. 1934-cü ildə ABŞ Filippinə muxtariyyət vermişdi.
62 il əvvəl...
3 iyul 1962-ci ildə Fransanın müstəmləkəsi olan Əlcəzair müstəqillik əldə edib. XVI əsrin ortalarından Osmanlının hökmranlığında olan Əlcəzair 1830-cu ildən Fransanın nəzarətinə keçmişdi. 1954-cü ildə Əlcəzairdə müstəmləkəçilik əleyhinə savaş başlamışdı.
36 il əvvəl...
3 iyul 1988-ci ildə ABŞ hərbi gəmisindən açılan atəş nəticəsində “Iran Air” şirkətinə aid sərnişin təyyarəsi Bəsrə körfəzinə düşüb. Təyyarədə olan 290 nəfər həlak olub.
30 il əvvəl...
3 iyul 1994-cü ildə erməni terrorizmi Azərbaycana qarşı növbəti cinayətini həyata keçirib. Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında hərəkətdə olan qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.
22 il əvvəl...
5 iyul 2002-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan dövlətinin xaricdəki soydaşlarla əlaqələrini tənzimləyəcək qurum – Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli fərmanı ilə qurum Diasporla İş üzrə Dövlət Komitəsinə çevrilib.
11 il əvvəl...
3 iyul 2013-cü ildə Misirdə hərbi çevriliş olub. Əbdülfəttah əs-Sisinin komandanlığı altındakı Misir Silahlı Qüvvələri hakimiyyəti ələ alıb. Prezident Məhəmməd Mursi devrilib. 2014-cü ildə keçirilən seçkilərdə Əbdülfəttah əs-Sisi Misirin Prezidenti seçildi.
Hazırladı: V.Orxan