İyulun 2-də Sumqayıt Dövlət Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin diplomantı Afaq Qədimlinin quruluş verdiyi “İnsan səsi” monotamaşasının premyerası olub.

Fransız yazıçısı və rejissoru Jan Koktonun pyesi əsasında səhnə işi gənc rejissorun debütüdür.

Monotamaşada istedadlı aktrisa Vəfa Qurbanova çıxış edir.

Nümunədə tənha qadının sarsıntıları əks olunur. Beşillik sevgilisindən ayrılan qadın həsrətlə onu həyata bağlayan zəngi gözləyir. Qadının gözlədiyi zəng, nəhayət, gəlir və o, çətin də olsa, sevgilisi ilə vidalaşır.

Səhnə əsərinin quruluşçu rəssamı Arif Müzəffərov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir.