Azərbaycan

 

6 iyul 1918 – Yazıçı-tərcüməçi Şəfiqə Əli qızı Ağayeva (1918–1983) Ağdamda anadan olub. Azərbaycan uşaq ədəbiyyatının inkişafına töhfələr verib. Rus yazıçılarının uşaq və yeniyetmələr üçün hekayə və povestlərini dilimizə tərcümə edib.

6 iyul 1947 – Əməkdar mədəniyyət işçisi, kino təşkilatçısı Xanlar Daşdəmir oğlu Cəfərov (1947–2016) anadan olub.

 

7 iyul 1939 – Yazıçı, tədqiqatçı-alim, professor Elmira Nəzər qızı Zamanova (1939–2010) Göyçay şəhərində anadan olub. Rus və Azərbaycan dillərində elmi-fantastik əsərlərin müəllifidir: “Yeraltı dünya”, “Vaxtdır, qardaşım” və s.

7 iyul 1950 – Əməkdar mədəniyyət işçisi Həsən Nəsib oğlu Həsənov (1950 – 6.4.2021) Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Müxtəlif teatrlarda (İrəvan, Mingəçevir, Gənclər (Bakı) teatrları) direktor işləyib.

7 iyul 1961 – Əməkdar artist, aktyor, rejissor Ələkbər Adıgözəl oğlu Hüseynov (1961 – 2.8.2007) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru işləyib. Televiziya tamaşalarında yaddaqalan rollar oynayıb.

7 iyul 2019 – UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Şəki şəhərinin tarixi hissəsi Şəki Xan sarayı ilə birlikdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

 

8 iyul 1888 – Xalq artisti Pyotr Pavloviç Jarikov (1888–1969) Moskvada anadan olub. Azərbaycan Dövlət Rus Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət (1928–1963) göstərib.

8 iyul 1909 – Əməkdar elm xadimi, məşhur dilçi alim, akademik, Dövlət mükafatı laureatı Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə (1909 – 10.4.1979) Şəkidə doğulub. Müasir Azərbaycan dilinin fonetikasına, etimologiyasına və ümumi dilçiliyə aid əsərlərin müəllifidir.

8 iyul 1931 – Xalq artisti Zülfüqar Yaqub oğlu Baratzadə (1931 – 11.2.1991) Gəncədə doğulub. 1949-cu ildən Gəncə Dövlət Dram Teatrının aktyoru olub, filmlərə çəkilib.

8 iyul 2014 – Prezident İlham Əliyev Xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

9 iyul 1926 – Görkəmli yazıçı-dramaturq Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov (1854–1926) vəfat edib. Ədib “Müsibəti-Fəxrəddin” pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub.

9 iyul 1939 – Əməkdar artist Firuz İmam oğlu Xudaverdiyev (1939–2017) Bakının Lökbatan qəsəbəsində doğulub. Mingəçevir teatrında, Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında, filmlərdə çəkilib.

9 iyul 1981 – Xalq şairi, tərcüməçi Nigar Xudadat bəy qızı Rəfibəyli (23.6.1913 – 1981) vəfat edib. Lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, rus ədəbiyyatından tərcümələr edib.

 

Dünya

 

6 iyul 1859 – İsveç şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1916) Karl Qustav Verner fon Heydenstam (Carl Gustaf Verner von Heidenstam; 1859–1940) anadan olub.

6 iyul 1887 – Yəhudi əsilli rus-fransız rəssamı Mark Zaxaroviç Şaqal (Xaskeleviç; 1887–1985) anadan olub. Rəngkarlıq və qrafika əsərləri ilə bədii avanqardın ən tanınmış simalarından biridir.

 

7 iyul 1860 – Avstriya bəstəkarı Qustav Maler (Gustav Mahler; 1860–1911) anadan olub.

7 iyul 1882 – Belarus ədəbiyyatının banilərindən şair Yanka Kupala (əsl adı İvan Dmitriyeviç Luseviç; 1882–1942) anadan olub.

7 iyul 1884 – Yəhudi əsilli alman yazıçısı Lion Feyxtvanger (Lion Feuchtwanger; 1884–1958) anadan olub. “Qoyya”, “İspan balladası”, “Lautenzak qardaşları” və s. tarixi romanların müəllifidir.

7 iyul 1901 – İtalyan aktyoru, kinorejissor, 4 dəfə “Oskar” mükafatı laureatı Vittorio De Sika (Vittorio De Sica; 1901–1974) anadan olub. Filmləri: “Günəbaxanlar”, “Dünən, bu gün, sabah”, “İtalyansayağı nikah” və s.

7 iyul 1943 –  İtalyan müğənnisi və bəstəkarı Toto Kutunyo (Salvatore (Toto) Cutugno; 1943 – 22.8.2023) anadan olub.

 

8 iyul 1621 – Fransız şairi, məşhur təmsillər müəllifi Jan de Lafonten (Jean de La Fontaine; 1621–1695) anadan olub. Antik dövr müəlliflərinin (Ezop, Fedr və s.) əsərlərindən yararlanaraq təmsil janrını yaradıb.

8 iyul 1938 – Rusiyanın Xalq artisti, tanınmış aktyor Andrey Vasilyeviç Myaqkov (1938 – 18.2.2021) anadan olub. “Xoş təsadüf və ya həmişə təmizlikdə”, “İşdə məhəbbət macərası”, “Qaraj” və s. filmlərdə çəkilib.

 

9 iyul 1764 – İngilis yazıçısı Anna Radklif (Ann Radcliffe; 1764–1823) anadan olub. Ədəbi effektlər, qorxulu situasiyalarla zəngin olan qotik romanın yaradıcılarından biridir. Əsərləri: “İtalyan və ya bir etirafın sirri”, “Udolf qəsrinin sirləri” və s.

9 iyul 1834 – Çex yazıçısı Yan Neruda (1834–1891) anadan olub. “Qəbiristanlıq çiçəkləri”, “Kosmik nəğmələr” və s. kitabların müəllifidir.

Hazırladı: V.Orxan