Türkiyənin cənub-şərqində, Şanlıurfa vilayətində yerləşən Göbəklitəpə arxeoloji abidəsini ziyarətə açıldığı 2019-cu ildən bu yana 2,8 milyondan çox turist ziyarət edib.

Göbəklitəpə arxeoloji kompleksi alimlər tərəfindən 1963-cü ildə aşkar edilib. 1995-ci ildə qazıntıların başlamasından sonra arxeoloqlar bu ərazidə Neolit dövrünə aid “T” formasında 3-6 metr hündürlüyündə və 40-60 ton ağırlığında heyvan təsvirləri olan artefaktlar aşkar ediblər. Arxeoloji abidə 2018-ci ilin iyulunda isə UNESCO-nun Dünya İrs Siyahısına salınıb.

12 min il tarixi olan Göbəklitəpə kompleksi dünyada ən qədim meqalit (daş) tikililərdən biri hesab edilir. 2019-cu ilin martında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə burada arxeoloji muzey-kompleks açılıb. Həmin il ölkədə “Göbəklitəpə ili” elan olunub.

2020–2021-ci illərin pandemiya karantinindən sonra yenidən ziyarətə açılan məkana əcnəbi turistlər də böyük maraq göstərir.

Şanlıurfa Mədəniyyət və Turizm İdarəsinin müdiri Aydın Aslanın sözlərinə görə, arxeoloqlar tədqiqatları ilboyu davam etdirirlər. Bu tarixi abidə alimlərin bəşər tarixinə dair anlayışını dəyişdirib. Bütün tapıntılar Şanlıurfa Arxeologiya Muzeyinə təhvil verilir.