Olaylar, faktlar (6 – 9 iyul)

 

9 iyul Azərbaycanda diplomatik xidmət əməkdaşlarının bayramıdır. 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi diplomatiya fəaliyyətini tənzimləyən ilk normativ sənədi – XİN-in katibliyi haqqında müvəqqəti təlimatı təsdiq edib. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə 9 iyul Azərbaycanda diplomatik xidmət əməkdaşlarının peşə bayramı günü elan edilib.

 

208 il əvvəl...

 

9 iyul 1816-cı ildə İspaniyanın Cənubi Amerikadakı ən böyük müstəmləkəsi (ərazisi 2,7 milyon kv.km) olan Argentina müstəqilliyini elan edib. XVI əsrdə İspaniyanın müstəmləkəsinə çevrilən Argentina La-Plata general-qubernatorluğu adlanırdı. Müstəqilliyini də “Birləşmiş La-Plata Əyalətləri” adı altında qazanmışdı. 1826-cı ildə Federativ Argentina Respublikası elan edildi.

 

125 il əvvəl...

 

7 iyul 1899-cu ildə ABŞ Havay adalarını işğal edib. Sakit okeandakı arxipelaq əvvəlcə İspaniyanın, sonra isə Britaniyanın nəzarətində olmuşdu. Havay adaları ştat statusu ilə ABŞ-yə birləşdirildi.

 

101 il əvvəl...

 

7 iyul 1923-cü ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublika ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkil olunması barədə dekret verib. Dekret Rusiya K(b)P-nin Qafqaz Bürosunun iki il əvvəl (5 iyul 1921) qəbul etdiyi tövsiyə qərarına əsasən verilmişdi. Həmin qərarda muxtariyyətin mərkəzi Şuşa göstərilsə də, Azərbaycan MİK-in dekretində vilayətin mərkəzi kimi Xankəndi qəsəbəsi seçilmişdi. DQMV bölgədə erməni separatçılığının və Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının hərbi münaqişəyə keçməsindən sonra, 1991-ci ilin 26 noyabrında Azərbaycan Ali Soveti tərəfindən ləğv edildi.

 

98 il əvvəl...

 

6 iyul 1926-cı ildə Bakıda ilk elektrikləşdirilmiş dəmir yolu (Bakı–Sabunçu xətti) istifadəyə verilib. Bu, SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu idi. 1924-cü ildə şəhərdə tramvay xəttinin işə salınması ilə elektriklə işləyən ucuz nəqliyyat yolunun ətraf ərazilərə də çəkilməsi gündəmə gəlmişdi. Bakı–Sabunçu xətti ilə elektrik qatarları üçün yeni vağzal binası (Sabunçu vağzalı) da istifadəyə verilib. Hazırda bu binada Dəmir Yolu Muzeyi yerləşir.

 

49 il əvvəl...

 

6 iyul 1975-ci ildə Hind okeanındakı (Afrikanın şərqində) Qəmər adaları Federativ İslam Respublikası kimi müstəqilliyini elan edib.  2002-ci ildən Qəmər Adaları İttifaqı adlanır. Qəmər adaları XIX əsrin sonundan Fransanın nəzarətinə keçmişdi. Ərazisi 2,2 min kvadrat kilometrdir. 900 min nəfərə çatan (2010) əhalisinin əksəriyyəti müsəlmandır.

 

32 il əvvəl...

 

8 iyul 1992-ci ildə ATƏM-in (1995-ci ildən ATƏT) Helsinki zirvə toplantısında iştirak edən Prezident Əbülfəz Elçibəy Azərbaycanın təşkilata üzvlüyünə dair sənədləri, o cümlədən Helsinki Yekun Aktını (1975) imzalayıb. Azərbaycan ATƏM-ə 1992-ci il yanvarın 30-da qəbul olunmuşdu.

Hazırladı: V.Orxan