Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 5-də başlanan Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb.

Üç gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Rusiya, İndoneziya, Hindistan, TÜRKSOY ölkələrindən gəlmiş rəqs və musiqi qruplarının, ifaçıların, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivlərinin, musiqiçilərin çıxışlarını izləyiblər.

İyulun 7-də axşam “Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirdə festivalın təşkilatçı qurumlarının, Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəliyinin rəsmiləri, şəhərin qonaqları, musiqisevərlər iştirak ediblər.

Mərasimdə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Konsert Azərbaycanın görkəmli musiqi xadimləri, bəstəkarlar Süleyman Ələsgərov və Şəfiqə Axundovanın 100 illik yubileylərinə həsr edilib.

Konsertin əvvəlində məlumat verilib ki, Dövlət Mahnı və Rəqs Ansamblı 1938-ci ildə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Müxtəlif dövrlərdə kollektivə Azərbaycan bəstəkarlarından Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli rəhbərlik ediblər. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Aliyə Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa görkəmli rəqs ustaları yetişib.

Ansamblın repertuarını Azərbaycan və dünya xalqlarının mahnı və rəqsləri, xor əsərləri təşkil edir. 2000-ci ildən ansamblın nəzdində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri fəaliyyət göstərir. Mahnı və Rəqs Ansamblının və Orkestrin bədii rəhbəri və dirijoru Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Ağaverdi Paşayevdir. 2016-cı ildə “Şöhrət” ordeni ilə təltif olunan Ağaverdi Paşayev həm də Şəki şəhərinin fəxri sakinidir.

Konsert orkestrin ifasında Şəfiqə Axundovanın “Gəlin qayası” operasından “Cəngi” rəqsi ilə başlayıb. Əməkdar artistlər xanəndə Almaz Orucovanın, Xəyyam Məmmədovun (kamança), Çinarə Mütəllibovanın (qanun), solistlər Vəfa Vəzirova, Nurlana Abdullayeva, Taleh Yahyayev, Səbinə Ərəbli, Sərxan Bünyadzadə və Zabitə Alıyevanın təqdim etdikləri bəstəkar və xalq mahnıları, rəqqasların şux və oynaq rəqsləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Konsert proqramı başa çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov festivalın keçirilməsində əməyi olan bütün qurumlara minnətdarlığını bildirib.

Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və dirijoru, Xalq artisti, Əməkdar incəsənət xadimi Ağaverdi Paşayevə, həmçinin festivalda fəal iştirak edən qurumlara festivalın simvolu təqdim edilib.

Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı tərəfindən festivalın təşkilatçı qurumlarının rəsmilərinə və ansamblın rəhbərinə xatirə hədiyyələri təqdim olunub.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın və AzTV-nin bölgə müxbirləri, Kanal S-in əməkdaşı festival çərçivəsində keçirilən tədbirləri operativ işıqlandırdıqlarına görə diplomlarla mükafatlandırılıblar.

“İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.