Macar və rus bəstəkarlarının əsərlərindən ibarət musiqi axşamı

 

İyulun 8-də Beynəlxalq Muğam Mərkəzində “Kədərin səsləri” adlı konsert proqramı təqdim olunub.

Musiqi axşamında Ümid Mustafazadə (violin), Fatimə Nəsirli (hər ikisi violin), Üzeyir Mahmudbəyli (viola) və Əsmər Kərimli (cello) macar bəstəkarı Bela Bartokun 1 nömrəli simli kvarteti və rus bəstəkarı Dmitri Şostakoviçin 15 nömrəli simli kvartetini səsləndiriblər.

Konsertdən əvvəl musiqişünas Şəfaqət Məmmədova əsərlər haqqında məlumat verib. Bildirilib ki, B.Bartokun 1 nömrəli simli kvarteti xalq musiqisinin təsiri ilə zəngin, emosional intensivliyi birləşdirən, insan ruhunun dərindən tədqiqidir. Ehtiras və yeniliklə dolu olan əsər bəstəkarın ənənəvi və müasir elementləri harmonik şəkildə bir araya gətirmək bacarığını nümayiş etdirir.

D.Şostakoviçin ömrünün son illərində bəstələnən bu əsər isə fanilik və introspeksiya (özünü müşahidə) mövzularını əks etdirir və son notlar səssizləşdikdən sonra uzun müddət davam edən qeyri-adi bir keyfiyyətə malikdir.

İstedadlı musiqiçilərdən ibarət kvartet musiqi axşamında öz ifaları ilə musiqidə bəzən hər notun bir hekayə danışdığı və hər hərəkətin canlı emosional mənzərə yaratdığını tamaşaçılara dolğun şəkildə təqdim edib.

Konsert proqramı alqışlarla qarşılanıb.

L.Azəri