Milli musiqi xəzinəmizi bənzərsiz ifaları ilə zənginləşdirən klarnet ifaçılarımızdan biri də Şəmsəddin İmanovdur. Tanınmış sənətkar çoxsaylı bəstəkar və xalq mahnıları, eləcə də bir sıra təsnif və muğamların mahir ifaçısı kimi sevilib. O həm də “Bəxtiyarı”, “Şəbnəmi” və “Arifi” kimi rəqs əsərlərini ərsəyə gətirib.

Şəmsəddin (Şəmsi) İbad oğlu İmanov 2 iyul 1930-cu ildə Şuşa şəhərində dünyaya göz açıb. Uşaq ikən valideynləri Bakının Əmircan kəndinə köçür. Kəndin musiqi mühiti onda musiqiyə maraq yaradır. Kənd Mədəniyyət evində göstərilən teatr tamaşaları, konsertlər onun musiqi zövqünü oxşayır və sənət təxəyyülünü formalaşdırır. Klarnet ifaçısı Kərim Şərifovdan sənətin sirlərini öyrənir. 1950–1952-ci illərdə hərbi xidmətdə olan Şəmsəddin hərbi hissənin nəfəsli alətlər orkestrində çalışır, Zaqafqaziya ümumqoşun hərbi hissələrinin musiqi kollektivləri arasında keçirilən müsabiqə və festivallarda uğur qazanır.

Hərbi xidməti başa vurub Bakıya qayıtdıqdan sonra tanınmış klarnet ifaçılarından Suliddin İsmayılov, Nəsrulla Səmədov, Nadir Axundov, Bəhruz Zeynalovla tanış olur. Onların lent yazılarını dinləyərək təcrübəsini zənginləşdirir. İlk dəfə 1956-cı ildə radionun fondu üçün səs yazılışına dəvət alır. İfa etdiyi “Kolxoz rəqsi”, “Xançobanı” oyun havaları bəyənilir və fonda daxil edilir.

Gündən-günə sənətdə püxtələşən Ş.İmanovun musiqi təhsili olmasa da, tanınmış sənətkarların ifaları onun üçün əsl məktəb olur. Məlahətli və oynaqlığı ilə seçilən ifaları qəlbləri oxşayır, müəllifinə şöhrət gətirir. O, 1957-ci ildə ikinci dəfə radioya dəvət olunur. “Bayatı-Şiraz” muğamı və “Vağzalı” havasının ifası ilə hər kəsi heyran edir. Radionun “qızıl fond”unda sənətkarın müxtəlif illərdə lentə alınan “Tiflisi”, “Bakı”, “Qazağı”, “Tərəkəmə”, “Dostluq”, “Sülh” rəqsləri və digər oyun havaları, eləcə də özünün bəstələdiyi “Bəxtiyarı”, “Şəbnəmi”, “Mərdəkanı”, “Sabirabadı”, “Arifi” kimi rəqslər, bəstəkar və xalq mahnıları, “Çahargah”, “Segah”, “Bayatı-Şiraz” muğamları qorunub saxlanılır.

Ş.İmanov 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdində Ağası Məşədibəyovun rəhbərlik etdiyi “Azərbaycan təranələri” ansamblına solist-ifaçı kimi qəbul edilir. Dövrün ustad xanəndə-ifaçıları Seyid Şuşinski, Zülfi Adıgözəlov, Xan Şuşinski, Şövkət Ələkbərova, Rübabə Muradova, Aşıq Pənah, Aşıq Şakir, Əlibaba Məmmədov, Canəli Əkbərov, Tələt Qasımov və digərlərini konsert və qastrol səfərlərində uğurla müşayiət edir.

Araşdırmalarda bildirilir ki, görkəmli xanəndə-pedaqoq Seyid Şuşinski 1965-ci ildə son mənzilə yola salınarkən Ş.İmanovdan bir muğam parçası çalmağı xahiş edirlər. O, göz yaşları içində “Segah” muğamını ifa edir. Bundan bərk təsirlənən Xan Şuşinski yanıqlı avazla “Qarabağ şikəstəsi”ni oxuyur. 1973-cü ildə ümumittifaq “Melodiya” səsyazma studiyasında sənətkarın ifasında on iki musiqi nömrəsi vala köçürülür. Böyük tirajla SSRİ məkanında satışa çıxarılır. Əldən-ələ gəzən bu vallar ittifaqın sərhədlərini aşaraq bir çox ölkələrə yayılır. Bir sıra ərəb ölkələrinin mətbuatında onun mahir ifaçılığı yüksək dəyərləndirilir. Tanınmış sənətkarın ecazkar musiqisi təkcə el şənliklərində deyil, şəhərin park və xiyabanlarında da tez-tez səslənir. 1978-ci ildə Azərbaycan Konsert Birliyi yaradılarkən Ş.İmanovun çalışdığı “Azərbaycan təranələri” ansamblı da birliyin tabeliyinə verilir.

1987-ci ildə ifaçının səhhətində problemlər yaranır, əl barmaqları fəaliyyətindən qalır. Müalicə üçün Almaniyaya getmək lazım gəlir. Ancaq buna maddi imkan olmur... Həmin dövrdə tədqiqatçı alim Rafael Hüseynov sənətkarla görüşərkən ondan “Əgər bir daha imkan olsaydı, son dəfə hansı əsəri ifa edərdiniz”, – deyə soruşur. O isə fikirləşmədən “Sabah gəlin köçəcək qız-gəlinlərimizə “Vağzalı” çalardım” cavabını verir.

Klarnet alətində milli musiqi nümunələrini böyük məharətlə səsləndirən, tamaşaçı və dinləyicilərə sənət zövqü yaşadan Şəmsəddin İmanov 3 iyul 1997-ci ildə vəfat edib.

Savalan Fərəcov