İyulun 13-ü Xətai rayonundakı Heydər Əliyev Parkında Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 55-ci ildönümünə həsr olunan konsert proqramı təşkil edilib.

Xətai Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Xətai Rayon Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələri, qazilər, ziyalılar və sakinlər iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı film nümayiş etdirilib.

Çıxış edənlər vurğulayıblar ki, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixi ölkəmizin xilasının birinci mərhələsi, xalqın özünəqayıdış tarixidir. Azərbaycançılıq ideologiyasının təbliği və inkişaf etdirilməsi məhz o dövrdən başlanıb.

Ulu Öndərin vaxtilə xalqa tarixi müraciətində dediyi “Mən ona özüm qədər inanıram” kəlamını son 20 ilə yaxın dövrdə onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev öz fəaliyyəti ilə doğruldub.

Qeyd edək ki, konsertdə “Səma” rəqs qrupunun, həmçinin tanınmış incəsənət nümayəndələrinin gözəl ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.