Seminarda Avropa ölkələrinin qabaqcıl təcrübəsi müzakirə olundu
Aprelin 3-də “Avropa” hotelində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının (UNWTO) Avropa Komissiyasının 57-ci iclası çərçivəsində "Səmərəli turizm klasterlərinin inkişafı" mövzusunda seminar keçirildi. Tədbirdə təşkilata üzv olan 30-dək ölkənin nümayəndələri, ekspertlər iştirak edirdi.
Seminarı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq qonaqları salamladı, tədbirin əhəmiyyətindən danışdı: “Seminar müxtəlif ölkələrdən nazirləri, ekspertləri, o cümlədən DTT-nin baş katibi Taleb Rifai də olmaqla təşkilatın nümayəndələrini bir araya gətirib. Bu həm də fərqli turizm təcrübələrinin qovuşması, mübadiləsi deməkdir. Belə bir tədbirin Bakıda təşkilindən məmnunluğumu ifadə etmək və ölkəmizin turizmdə əldə etdiyi uğurları sizlərlə bölüşmək istəyirəm”.
Nazir Azərbaycanın turizm marşrutu kimi dünyada yeni tanındığını, buna rəğmən dünyanın müxtəlif ölkələrindən kifayət qədər turist cəlb etdiyini vurğuladı: “Bakı və bir sıra bölgələrimiz ölkəyə baş çəkən turistlərə tanışdır. Bu gün isə nazirlik olaraq əsas diqqəti bizim üçün ənənəvi olmayan sahələrə yönəltmişik. Şimal bölgəmiz olan Qusarda “Şahdağ” Qış-Yay Turizm Kompleksi fəaliyyət göstərir ki, bu da bizim üçün yeni sahədir. Ölkəmizdə yeni olan ekstremal turizm növlərinin inkişafı da qarşıya qoyulan məqsədlərdəndir. Xüsusi vurğulayım ki, yeni turizm istiqamətlərinin inkişaf etdirilməsi dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir və onun təşəbbüs və dəstəyi ilə bu cür böyük layihələr icra olunur”.
Ölkəmizin turizmlə bağlı dünya təcrübəsini öyrənməyə, fikir mübadiləsi aparmağa daim hazır olduğunu deyən nazir bu istiqamətdə Azərbaycana yaxından köməklik göstərən Ukrayna və Fransa nümayəndə heyətlərinə təşəkkürünü çatdırdı. Qeyd etdi ki, idarəetmə, kadr hazırlığı, xidmət sektorunda çalışan insanların təşkilatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində qabaqcıl ölkələrin təcrübəsi yaxından öyrənilir, treninqlər təşkil edilir, gənc mütəxəssislər xarici ölkələrdə tədris proqramına cəlb olunurlar.
Əbülfəs Qarayev çıxışının sonunda qonaqları Bakını gəzib görməyə, milli mətbəximizlə, şəhərimizdə turizmin inkişafı ilə bağlı görülən işlərlə tanış olmağa çağırdı.
DTT-nin baş katibi Taleb Rifai tədbirin yüksək səviyyədə təşkil olunmasına, qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Ölkəmizin turizm marşrutu olaraq yeni tanınmasına baxmayaraq, bu sahədə nəzərəçarpacaq uğurlar əldə etdiyini vurğuladı, Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirdi: “Cənab Əbülfəs Qarayevlə iki il əvvəl baş tutan görüşümüzdə mənə belə bir sual ünvanlamışdı - ölkə turizmini inkişaf etdirmək, daha çox turist cəlb etmək üçün əsas amillər nədir? Mən o vaxt belə cavab vermişdim ki, ölkənin təbliği ilə bağlı nə qədər iş görülsə də, viza və hava nəqliyyatı əlverişli olmasa, görülən işlərin faydası yoxdur. Bu gün biz həmin söhbətdən cəmi iki il keçməsinə baxmayaraq, Azərbaycanda hər iki məsələnin həllini tapdığını müşahidə edirik. Artıq ölkə elektron viza sisteminə keçib, dünyanın müxtəlif şəhərlərindən hava reysləri açılıb və əhatə dairəsi daha da genişlənməkdədir. Bütün bunlar onu göstərir ki, cənab Əbülfəs Qarayevin qarşıya qoyulan tapşırıqları həll edə biləcək peşəkar komandası var”.
Sonra İspaniyanın “R&D və İnnovasiyalar” dövlət turizm şirkətinin direktoru Karlos Romeronun “Səmərəli turizm qruplarının yaradılmasının əlifbası” mövzusunda məruzəsi dinlənildi. Xidmətlərin təşkilində qruplaşdırmanın rolu kimi əsas mövzulara toxunan məruzəçi bunun həm turizm idarəçiliyi, həm də göstərilən xidmətlərin səviyyəsi baxımından vacib olduğunu vurğuladı.
Digər məruzəçi Lusiano Ochoa de Abreu “Madriddə dəyərli vaxt” başlığı altında mövzu ilə bağlı fikirlərini bölüşdü. Macarıstan nümayəndəsi İstvan Komoroczki, Rumıniya Milli Turizm Təşkilatının prezidenti Razvan Filipesku və digər iştirakçılar “Avropada effektiv turizm qrupları” mövzusunda çıxışlar etdilər, fikir mübadiləsi aparıldı.
Aprelin 4-də “Avropa” hotelində DTT-nin Avropa Komissiyasının 57-ci iclası keçiriləcək.
Sadiq Musa