Milli Kitabxananın dövri mətbuat arxivindən (21)

 

Qızmar yay günlərində insanların ən çox ehtiyac duyduğu istirahətdir. Mədəni istirahət imkanı olarsa – daha da yaxşı. Belə bir imkanın təmin edilməsi isə mədəniyyət ocaqlarının fəaliyyəti, tarixi-mədəni irs məkanlarındakı şərait və göstərilən xidmət səviyyəsi ilə bilavasitə bağlıdır.

Mətbuat xronikasından növbəti seçməmiz 76 il əvvələ aid olsa da, problem elə günümnüzdə də aktualdır. 46 il əvvələ aid digər bir mətbu qeyd də elə bil indi yazılıb...

Seçmələrdə dövrün orfoqrafiyası saxlanılıb...

 

Zəhmətkeşlərin mədəni istirahətinə diqqət ayrılmalı

 

Bakı zəhmətkeşləri yayda öz istirahət vaxtlarını Buzovnada keçirirlər. Xüsusilə istirahət günlərində on minlərlə adam burada, dəniz kənarında, bağlarda və istirahət evlərində dincəlir. Lakin zəhmətkeşlərin mədəni istirahətini təmin etmək üçün burada lazımı şərait yaradılmayıb. Buzovnada nə idman meydançası, nə kinoteatr, nə də klub yoxdur. Buzovna mədəniyyət sarayının təmirinə ötən il 20.000 manat pul buraxılıb. Təmirin keyfiyyətinə fikir verilmədiyindən mədəniyyət evinin qapı və pəncərələri indidən sınmış, dəhlizi uçmuşdur. Sarayın gözəl bağçası baxımsızlıq üzündən bərbad hala düşmüşdür.

Rayon mədəni-maarif şöbəsi keçən il Azərbaycan kinolaşdırma idarəsinin Maştağa şöbəsilə müqavilə bağlayaraq ayda azı 20 dəfə kino göstərilməsini qərara almışdır. Son zamanlar isə bir dəfə də olsun kino göstərilməmişdir. Əlaqədar təşkilatlar bu nöqsanları gördükləri halda nədənsə susur, əllərini ağdan-qaraya vurmaq istəmirlər.

“Kommunist” qəzeti, 18 iyul 1948-ci il

 

Tarixi abidələri hamı qorumalıdır

 

Şəhərimizin müxtəlif guşələrindəki, habelə Abşeronun tarixi abidələri turistlərin hədsiz marağına səbəb olur. Bakının qonaqları bu abidələrə, milli ornamentlə naxışlanmış binalara həvəslə baxırlar. Belə abidələri hamılıqla mühafizə edilməli, onların korlanmasına qarşı hər bir sakin ciddi mübarizə aparmalıdır.

Təəssüf ki, gərgin zəhmət və xeyli vəsait hesabına bu binaların fasadlarında düzəldilmiş naxışlar bəzən təmir işləri aparılarkən lazımsız bir iş kimi qoparılıb atılır. Belə hallara əsla yol verilməməlidir.

“Bakı” qəzeti, 27 iyul 1978-ci i