«AİTF-2014» çərçivəsində keçirilən konfransda bu istiqamətdə müzakirələr aparıldı
Aprelin 4-də Bakı Ekspo Mərkəzində “AİTF-2014” çərçivəsində «EcoLife» jurnalının təşkilatçılığı ilə «Azərbaycan turizm sektorunun inkişafı: imkanlar-problemlər-perspektivlər» mövzusunda konfrans keçirildi.
«EcoLife» jurnalının yayım və idarə məsləhətçisi Ali Bülent Kutvan tədbiri açaraq bildirdi ki, turizm sektoru iqtisadi cəhətdən əhəmiyyətli sahə kimi iqtisadiyyatın bütün sahələrinə töhfə verir. Onun sözlərinə görə, Azərbaycanda gedən dinamik inkişaf ölkənin turizm məkanına çevrilməsinə geniş imkan yaradır.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov turizmlə bağlı dövlət proqramlarının bu sahənin regionlarda inkişafına zəmin yaratdığını dedi. Sektor müdiri ölkə turizmi ilə bağlı statistik rəqəmləri diqqətə çatdırdı. Bildirdi ki, 2001-ci ildə Azərbaycana gələn əcnəbilərin sayı 500 minə yaxın idisə, 2013-cü ildə bu rəqəm 2 milyon 400 min olub. Bu müddətdə ölkədə turizm şirkətlərinin sayı 27-dən 238-ə, mehmanxanaların sayı 98-dən 514-ə çatıb. Ümumi yataq yerlərinin sayı 33 mindən çoxdur.
Mahir Qəhrəmanovun sözlərinə görə, nazirlik bu sahədə fəaliyyətini əsasən 4 istiqamətdə qurub. Birincisi, ölkədə turizm qanunvericiliyinin təkmilləşdirilməsinə nail olmaqdır: «Azərbaycanda turizm fəaliyyəti 1999-cu ildə qəbul edilmiş qanunla tənzimlənir. Lakin turizmin hazırkı mərhələsi müasir tələblərə cavab verən qanunun hazırlanmasını tələb edir. Yeni layihə müvafiq nazirliklərin rəyləri alınaraq hazırlanıb. Bununla yanaşı, ictimai iaşə obyektlərində xidmətin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı standartlar qəbul edilib. Turizm şirkətlərinin fəaliyyəti, xidmət keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı normativ aktların hazırlanması davam edir.
İkinci istiqamət turizm infrastrukturunun yaradılmasıdır. Qusar rayonunda Cənubi Qafqazda ən böyük qış-yay turizm kompleksi yaradılır. «Şahdağ» kompleksi tam hazır olduqda burada ümumilikdə 5 min yataq yeri və 10 min nəfərə xidmət edə biləcək bir infrastruktur olacaq. Nazirlik müxtəlif bölgələrdə turizm-rekreasiya zonalarının yaradılması ilə bağlı işlər görür. İlkin olaraq şimal bölgəsində Xızı-Xaçmaz və Quba-Qusar bölgələrində ekspert təklifləri nəzərə alınaraq zonalar müəyyən olunub.
Üçüncü istiqamət xidmətin yaxşılaşdırılmasıdır. Bu istiqamətdə kadr hazırlığı əsas şərtdir. Azərbaycan Turizm İnstitutunun, turizm təhsili verən məktəblərin və müəyyən proqramların yaradılması ali, orta və peşə təhsilli kadrların hazırlanmasına imkan verir. Bundan əlavə, hər il xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün mehmanxana əməkdaşları üçün Azərbaycan və Türkiyənin müvafiq nazirlikləri birgə treninqlər keçirir. İndiyə qədər bu layihə çərçivəsində treninqlərdə 2 mindən çox mehmanxana əməkdaşı iştirak edib.
Dördüncü istiqamət isə turizm məhsulunun təbliği ilə bağlıdır. Nazirlik müntəzəm olaraq müxtəlif ölkələrdə turzm sərgilərində iştirak edir. Bakıda ənənəvi olaraq keçirilən «AİTF» sərgisində Azərbaycanın regionları yüksək səviyyədə təmsil olunur. Bir çox ölkələrin turizm təmsilçiləri üçün infoturlar təşkil edilir. Bu tədbirlər bundan sonra da davam etdiriləcək».
Azərbaycan Turizm İnstitutunun (ATİ) tədris işləri üzrə prorektoru Eldar Aslanov bildirdi ki, institutun və nazirliyin ekspertləri tərəfindən ölkədə turizmin inkişafı ilə bağlı 1993-2003, 2003-2013 və 2013-2023-cü illəri əhatə edən tədqiqat aparılıb. Nəticələr göstərir ki, müasir infrastruktur yaratmaqla yanaşı, bu sahədə əsas şərt keyfiyyətli xidmətdir: “İnstitutumuzda təcrübəyə böyük önəm verilir. Tələbələrimiz həm yerli turizm obyektlərində, həm də müxtəlif ölkələrin hotellərində təcrübə keçirlər. Dünyanın reytinqli universitetləri ilə əməkdaşlıq edirik. ATİ-nin tam ingilisdilli bir ali təhsil ocağına keçməsi üçün müəyyən işlər görülür. Çalışırıq ki, sənayenin tələblərinə tamamilə cavab verə biləcək bir səviyyədə kadrlar hazırlayaq».
«Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyev bildirdi ki, ölkəmizdə demək olar ki, bütün turizm istiqamətlərinin inkişafı üçün zəmin var.
Bununla yanaşı, bir sıra çətinliklər də ortaya çıxır. Onun fikrincə, mövcud olan problemlərin aradan qaldırılması üçün onun həlli mexanizmini dəqiq müəyyənləşdirmək lazımdır: «Bunun üçün bir neçə istiqamətdə işlər görülməlidir. Birinci növbədə isə turizm sektorunda çalışan ictimai qurumlar təşkilatlanmalıdır.
Azərbaycanda turizm xidmətləri bahadır. Biz bu sahədə qonşu ölkələrlə rəqabətə girə bilmirik. Bunun müəyyən səbəbləri var. Bu səbəblərin aradan qaldırılmasına nail olmalıyıq. Müəyyən bir müddət (3-5 il) ölkəyə turist gətirən təşkilatlara müəyyən vergi güzəştlərinin edilməsi, dövlət tərəfindən müəyyən dotasiyalar ayrılması bu işə yardım edə bilər”.
«İtaliya-Azərbaycan» Assosiasiyasının turizm üzrə eksperti, «Leone Dimessapia Hotel & Complex»in təmsilçisi Lucio Perrone «AİTF» sərgisində ilk dəfə iştirak etdiyini dedi. İtaliyalı qonaq Azərbaycanın turizm imkanlarından bəhs edərək bildirdi ki, ölkəsinin turizm təmsilçiləri bu barədə çox az məlumatlıdırlar. O bu istiqamətdə işlərin görülməsinin vacibliyini vurğuladı.
Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı, fikir mübadiləsi aparıldı.
Fəxriyyə Abdullayeva