Bakıda Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci iclası keçirildi
Aprelin 4-də Bakıdakı «Avropa» hotelində BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) Avropa Komissiyasının 57-ci iclası keçirildi.
Tədbirdə 31 ölkənin nümayəndələri, Dünya Turizm Təşkilatının təmsilçiləri, ekspertləri iştirak edirdi. İclasda çıxış edən Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov tədbirin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirdi, belə toplantıların turizm sahəsində təcrübə və fikir mübadiləsi, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğuladı. Bildirildi ki, belə görüşlər Azərbaycanın turizm potensialını Avropada təbliğ etməyə imkan verir.
Nazir müavini qeyd etdi ki, turizm standartlarının tətbiqi, bu sahədə qanunvericiliyin inkişaf etdirilməsi çox vacibdir: «Azərbaycanda turizm yeni tələblərə uyğun inkişaf etdirilir. Turizm agentliklərinin sayının çoxalması, yeni hotellərin tikintisi, ölkəyə gələn turist sayının artması bunun göstəricisidir. Biz beynəlxalq təcrübəni öyrənirik. Artıq bu sahədə 3 illik marketinq proqramını tərtib etmişik”.
“Azərbaycan hökuməti turizmdə bir çox istiqamətlərə dəstək verir”
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek qeyd etdi ki, statistikaya əsasən turizm dünyada ən əhəmiyyətli sektorlardan biridir və yeni iş yerlərinin yaradılması üçün mühüm sahədir. Dünya üzrə reallaşdırılan səfərlərin 14 faizi sırf peşəkar səfərlərdir: «Azərbaycanda böyük neft-qaz ehtiyatları var və bu, ölkəyə peşəkar səfərləri şərtləndirən ən başlıca səbəblərdən biridir. Digər tərəfdən, özəl biznesin inkişafı fonunda artan səfərləri dəstəkləmək zəruridir. Hazırda Azərbaycanda neft və qaz sektorundan əldə edilən gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi prosesi baş verir. Ölkədə 2020-ci il üçün İnkişaf Strategiyası qəbul olunub. Bu sənəddə iqtisadiyyatın şaxələndirilməsi əksini tapıb. Azərbaycanın əraziləri turizmin inkişafı üçün əlverişlidir».
Antonius Broek turizmin inkişafı üçün kadr hazırlığı və infrastrukturun zəruri olduğunu diqqətə çatdırdı: «Bu baxımdan BMT-nin Dünya Turizm Təşkilatı və Mədəniyyət və Turizm Nazirliyi birgə fəaliyyət ortaya qoyub. Azərbaycan Turizm İnstitutunda kadr hazırlığı aparılır. Kadr potensialı nə qədər yüksək olsa, tərəfdaşlıq bir o qədər inkişaf edəcək, ölkəyə yatırılan investisiya artacaq. Azərbaycan hökuməti turizmdə bir çox istiqamətlərə dəstək verir. Ölkənin İpək Yolu üzərində yerləşməsi nəzərə alınarsa, bu səylər ümumilikdə regionda turizmin inkişafına yol açacaq”.
BMT rəsmisi qurumun 2016-2020-ci illər üzrə İnkişaf Proqramının hazırlandığını bildirdi: «Turizm bu sənəddə nəzərə alınacaq. Bu sənədin hazırlanmasına Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi də öz töhfəsini verə bilər və biz nazirliklə əməkdaşlıq edə bilərik».
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard ölkəmizdə turizmin inkişafını yüksək qiymətləndirdiyini bildirdi, bu istiqamətdə qarşıda duran vəzifələrdən danışdı. Onun fikrincə, ölkədə çimərlik və qış turizmi üçün geniş imkanlar var. Sonra iclas iştirakçıları nəzərdə tutulmuş mövzular ətrafında çıxış etdilər.
Bu il dünya turizmində 4%-dən çox artım gözlənilir
DTT-nin baş katibi Taleb Rifai dünyada turizmin inkişafı ilə bağlı hesabatla çıxış etdi. Qeyd etdi ki, qlobal iqtisadi böhrandan sonra dünya iqtisadiyyatının bərpa prosesinə, bir çox geosiyasi proseslərə, təbii fəlakətlərə baxmayaraq, dünyada turistlərin sayı ilk dəfə 1 milyard 87 milyon nəfərə çatıb, 2013-cü ildə 5% artım qeydə alınıb: «Asiya, Sakit okean və Afrikada turizmin inkişafında 6%, Avropada 5%, o cümlədən Mərkəzi və Şərqi Avropa ölkələrində turizmdə 7% inkişaf əldə olunub. Turizmdən əldə edilən gəlirlərdə təxminən 1,5 milyard dollar artım var. Keçən il Çin dünya ölkələrinə 47 milyon insan göndərib, bu turistlər getdikləri ölkələrdə 57 milyard dollar xərcləyiblər. Rusiya da 40 milyondan çox turist göndərib, onlar 54 milyard dollar xərcləyiblər. Avropa ölkələrinin turistlərinin payına isə dünyada turistlərin xərclədiyi vəsaitin 52%-i düşür».
Baş katibin sözlərinə görə, 2014-cü ildə dünya turizmində 4%-dən çox artım gözlənilir. Asiya və Sakit okean hövzəsində 6, ABŞ və Avropada 4-5% artım proqnozlaşdırılır.
Taleb Rifai vizaların sadələşdirilməsi, vergi və nəqliyyatın turizmin inkişafında mühüm rol oynadığını söylədi: “DTT-də məlumat bazası var, istənilən ölkənin viza sahəsindəki durumu, çatışmayan cəhətləri barədə məlumatlıyıq. Dünya ölkələrinin 67%-də viza almaq üçün konsulluğa müraciət etmək lazımdır. Təbii ki, bu, normal hal deyil. Ancaq irəliləyiş var, 2012-ci ildə bu göstərici 77% idi. Cənub-Şərqi Asiya ölkələrində viza sahəsində sadələşdirmə daha yüksəkdir. Dünya turistlərinin yalnız 11%-i Cənubi-Şərqi Asiya ölkələrinə getmək üçün viza almalıdır».
Baş katibin sözlərinə görə, dünya ölkələrinin 51%-də insanlar səfərə təyyarə ilə çıxmağa üstünlük verir. Ona görə də hava nəqliyyatının inkişafına diqqət yetirilməlidir. Sosial-iqtisadi dayanıqlıq turizmin inkişafında vacib rol oynayır.
DTT-nin üzv ölkələrlə əlaqələrindən danışan Taleb Rifai qurumun əsasən iki fəaliyyətlə məşğul olduğunu dedi. Birincisi, üzv ölkələrdə turizmin inkişafına dəstəkdir. Qurumda üzvlərlə əlaqələrə cavabdeh olan komitə yaradılıb. İkincisi, isə normativ sənədlərin yaradılmasına yardımdır. Bu məqsədlə təşkilatda tədqiqatlar və nəşrlər komitəsi yaradılıb. Eyni zamanda ölkələrin könüllü vəsaitləri hesabına Ehtiyat Fondu yaradılıb: “Hazırda sərəncamımızda 2 milyon avro var. Çalışırıq ki, ölkələrin ödədikləri ianələr onlarla bağlı proqramlara sərf edilsin». Baş katib Qlobal Turizm Məcəlləsinə imza atan ölkələr arasında Azərbaycanın da olduğunu nəzərə çatdırdı.
Fəxriyyə Abdullayeva